"Strateji mövqelərin ələ keçirilməsi əməliyyatın uğurunu təmin etdi" - MÜNASİBƏT BİLDİRİLDİ
"Strateji məqsəd dedikdə önəmli yerləri və əlverişli mövqeləri ələ keçirmək başa düşülür. 2023-cü ildə keçirilən əməliyyat yalnız antiterror xarakterli olmamış, həm də strateji məqsədləri həyata keçirməyə yönəlmişdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elman Vəliyev deyib.
Elman Vəliyev sözlərinə belə davam edib: "Əməliyyatdan əvvəl Xankəndi hələ də qarşı tərəfin nəzarətində idi. Oranı ələ keçirmək “Qarabağ” əməliyyatının uğurla başa çatdırılması demək idi, çünki qondarma respublikanın paytaxtı məhz orada yerləşirdi. Həmçinin antiterror əməliyyatı rəqibi tərkisilah etməyə və onu strategiyadan məhrum etməyə yönəlmişdi. Nəticədə rəqib məğlubiyyət qarşısında qalaraq istənilən addımları atmağa məcbur oldu.
Strateji planlama nəticəsində Xankəndinə İrəvandan gələn əsas yollar da ələ keçirilmişdi. Bu, qarşı tərəfin nəqliyyat və hərbi logistikasına ciddi zərbə vurdu və bölgədə qırılma nöqtəsinin yaranmasına səbəb oldu. Əməliyyat həm hərbi, həm də siyasi baxımdan kritik əhəmiyyət kəsb edirdi, çünki strateji mövqelərin ələ keçirilməsi həm əməliyyatın uğurunu təmin etdi, həm də bölgədə uzunmüddətli sabitliyin təmin olunmasına imkan yaratdı.
Ümumiyyətlə, 2023-cü ildə keçirilən əməliyyat antiterror xarakterli olmaqla yanaşı, rəqibin hərbi və strateji imkanlarını məhdudlaşdırmaq, Xankəndi və ətraf strateji yüksəklikləri ələ keçirmək və bölgədə sülh və təhlükəsizliyin bərqərar olmasına xidmət etmişdi. Bu əməliyyat Azərbaycan Silahlı Qüvvələrinin strateji planlamasının uğurlu nümunəsi kimi tarixdə öz yerini aldı".
Bütün xəbərlər Facebook səhifəmizdə