"Müttəfiqlik münasibətləri son illərdə daha da möhkəmlənib" - MÜNASİBƏT BİLDİRİLDİ
“Azərbaycan-Türkiyə əlaqələri çox güclüdür və hər iki ölkə arasında olan müttəfiqlik münasibətləri son illərdə daha da möhkəmlənib. 44 günlük müharibədə Türkiyənin Azərbaycana verdiyi dəstək, həm siyasi, həm də hərbi sahələrdə müharibənin taleyini dəyişdirdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, bu, həm də qardaşlıq və strateji tərəfdaşlıq anlayışlarının nə qədər güclü olduğunu göstərdi: “Türkiyə və Azərbaycan arasında imzalanan Şuşa bəyannaməsi bu əlaqələrin təməlini daha da möhkəmləndirdi və gələcəkdə birgə fəaliyyət sahələrini daha da genişləndirəcək. Özbəkistanla münasibətlər də çox vacibdir. Özbəkistanın Azərbaycana müharibə dövründə verdiyi dəstək və sonrakı dövrdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına göstərdiyi yardım, iki ölkə arasında güclü bir strateji müttəfiqlik qurulmasına şərait yaradıb. Türk Dövlətləri Birliyi çərçivəsində həm Türkiyə, həm də Özbəkistanla olan əməkdaşlıq, Azərbaycanın regional və beynəlxalq gücünü artırmağa yönəlib. Azərbaycanın digər türk dövlətləri ilə xüsusilə də İlham Əliyevin müxtəlif səfərləri və diplomatik təşəbbüsləri, Azərbaycanın beynəlxalq siyasətdəki mövqeyini daha da gücləndirir. Bu əlaqələr həmçinin Azərbaycanın beynəlxalq arenadakı gücünün göstəricisidir. Hesab edirəm ki, hər iki ölkə ilə qurulan münasibətlər gələcəkdə Azərbaycanın da daha böyük inkişaf etməsinə səbəb olacaq”.
Müəllif: Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə