"Sərəncam Naxçıvanın inkişafında yeni bir mərhələnin başlanğıcıdır" - MÜNASİBƏT BİLDİRİLDİ
“29 iyul 2025-ci il tarixində Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dövlət nəzarətinin və dəstəyinin gücləndirilməsi istiqamətində mühüm addım atılmışdır. Sərəncama əsasən, mərkəzi icra hakimiyyəti orqanları – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), “Azərbaycan Dəmir Yolları” QSC (ADY), Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və Elm və Təhsil Nazirliyi (ETN) Naxçıvanda birbaşa fəaliyyət göstərə və sosial-iqtisadi proseslərdə aktiv iştirak edə biləcəklər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.
Azər Badamov sözlərinə belə davam edib: “Bu qərar Naxçıvanın mövcud ehtiyac və resurslarının mərkəzləşdirilmiş şəkildə idarə olunmasını, dövlət büdcəsindən ayrılan vəsaitlərin daha səmərəli və təyinatlı istifadəsini təmin edəcəkdir. Eyni zamanda, bu, ölkə üzrə aparılan inzibati islahatların bir hissəsi olaraq regional inkişafın vahid yanaşma ilə idarə olunmasına və vahid dövlət siyasətinin bütün bölgələrdə tətbiqinə xidmət edir.
Mərkəzi icra hakimiyyəti orqanlarının bu cür birbaşa məsuliyyəti, Naxçıvanın infrastruktur layihələrinin daha sürətli və keyfiyyətli icrasını, həmçinin su təchizatı, nəqliyyat, təhsil və rəqəmsal infrastruktur sahələrində koordinasiyalı fəaliyyəti mümkün edəcəkdir. Bu isə birbaşa olaraq əhalinin rifah səviyyəsinin yüksəldilməsinə, yeni iş yerlərinin açılmasına və yaşayış keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verəcəkdir. Bununla yanaşı, idarəetmənin mərkəzləşdirilməsi həm hesabatlılıq və şəffaflığın artırılmasına, həm də layihələrin daha məqsədyönlü həyata keçirilməsinə zəmin yaradacaqdır. Bu yanaşma, həmçinin Naxçıvanın ümumi milli inkişaf strategiyasına inteqrasiyasını gücləndirəcək və muxtar respublikanın ölkənin sosial-iqtisadi həyatında daha fəal rol almasına şərait yaradacaqdır.
Nəticə etibarilə, bu sərəncam təkcə inzibati dəyişiklik deyil, Naxçıvanın inkişafında yeni bir mərhələnin başlanğıcıdır. İqtisadi, sosial və infrastruktur layihələrinin vahid mərkəzdən və peşəkar idarəetmə ilə həyata keçirilməsi, Naxçıvanın müasir Azərbaycan dövlətçiliyindəki rolunu daha da möhkəmləndirəcəkdir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə