Rusiyadan yan keçən marşrut - ANALİZ

Tokayev Türkiyədə Qazaxıstan neftinin ixracını müzakirə edəcək

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev iyulun 29-da Ankaraya rəsmi səfər edəcək.Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlarda hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edən məsələlərin, o cümlədən Qazaxıstan neftinin şaxələndirilməsi və onun Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəqlinin artırılmasının müzakirəsi planlaşdırılır. Daha əlverişli investisiya və turizm mühitinin yaradılması səyləri çərçivəsində Qazaxıstan Türkiyə ilə vizasız rejimi genişləndirir. Türkiyə və Qazaxıstan başçıları həmçinin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasını keçirəcəklər və burada iqtisadi inteqrasiya, rəqəmsal transformasiya, müdafiə təşəbbüsləri və türk birliyinin möhkəmləndirilməsinin əsas aspektlərini nəzərdən keçirəcəklər.

Xatırladaq ki, dördüncü görüş Rəcəb Tayyib Ərdoğanın Qazaxıstana səfəri çərçivəsində 2022-ci ildə keçirilib. O zaman Türkiyə lideri bəyan etmişdi ki, Türkiyə-Qazaxıstan münasibətlərinin qabaqcıl strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi iki xalqın tarixi, dini, dili və mədəniyyətinin ortaqlığına söykənir, ticarət dövriyyəsinin həcminin 10 milyard dollara çatdırılması kimi iddialı məqsəd qoyulub. İlk dəfə 2016-cı ildə açıqlanan bu rəqəm bu gün də əhəmiyyətli olaraq qalır.

Qazaxıstan və Türkiyə arasında iqtisadi əməkdaşlığın tempi hələlik istənilən kimi sürətlə artmır. Hərbi sahəni (keçən il Qazaxıstanda pilotsuz təyyarələrin istehsalına dair saziş imzalanıb), enerji, birgə nəqliyyat layihələrində iştirak, o cümlədən mədəniyyət və təhsil sahəsini və Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində qarşılıqlı əlaqələri əhatə edən geniş ikitərəfli gündəliyə baxmayaraq, əməkdaşlıq potensialı ilə uzlaşmır. Belə geniş gündəmə malik Qazaxıstan və Türkiyənin bir sıra məhdudlaşdırıcı amilləri var. Birincisi, bu, ölkələrin coğrafi məsafəsi ilə bağlıdır. İkincisi, rəsmi ideoloji yaxınlığa baxmayaraq, Qazaxıstan və Türkiyə mövqelərində və bir çox digər parametrlərdə fərqlər var. İqtisadi baxımdan Türkiyə Qazaxıstanın 10 ən böyük ticarət tərəfdaşı sırasında olsa da, türk sərmayələri əsasən tikinti və xidmət sektorunda cəmləşib.

Eyni zamanda, mədəni yaxınlıq ikitərəfli münasibətlərin möhkəmlənməsi amili olmaqla yanaşı, həm də türkdilli dövlətlər arasında çoxtərəfli əlaqələrin inkişafı üçün əsas rolunu oynayır. Onların arasında Türkiyə və Qazaxıstan birlik ideyasının ən fəal tərəfdarlarıdır. Belə ki, 2012-ci ildən Qazaxıstanda Beynəlxalq Türk Akademiyası, o cümlədən türk universitetləri, kollec və liseyləri fəaliyyət göstərir. Türkiyə tərəfi bu təhsil ocaqlarını 2016-cı ildə yaradılmış Maarif təhsil fondunun nəzarətinə keçirməyə çalışır. Fond Türkiyə təhsil sisteminin xaricdə gözdən salınmasına cavab olaraq yaradılıb. Türkiyə rəhbərliyi ölkədə dövlət çevrilişi təşkil etmək cəhdi ilə əlaqədar “Gülən məktəbləri”ni təhsil məkanından sıxışdırıb çıxararaq, onların yerinə dövlət fondunun nəzarətində olan təhsil müəssisələrini qurub.

Türkiyə ilə təhsil əməkdaşlığı sahəsində Rusiya, Çin və Qərb ölkələri də Qazaxıstanda rəqabət aparırlar. "Bolaşak" sistemi (Qazaxıstan Prezidentinin beynəlxalq təhsil təqaüdü) çərçivəsində qazaxıstanlı tələbələr hazırda Türkiyədə təhsil almırlar. Lakin milli ədəbi əsərlər vasitəsilə nəsildən-nəslə ötürülən vahid tarixi şüurun, ümumi coğrafi ideyaların və mədəni dəyərlərin gənclər arasında formalaşdırılması istiqamətində fəal iş aparıldığı üçün bu vəziyyət tezliklə dəyişə bilər. Bu istiqamətdə atılan mühüm addım 2020-ci ildə Türkiyə, Qazaxıstan və Azərbaycan üçün “Türklərin ümumi tarixi” adlı vahid məktəb dərsliyinin tətbiqinə başlanılıb. Lakin Qazaxıstanla Türkiyə arasında münasibətlər obyektiv çətinliklərdən də xali deyil. Əlbəttə, türkdilli ölkələrin yaxınlaşmasından qorxan bəzi qüvvələr artıq əl-ayağa düşüblər. Apreldə Səmərqənddə keçirilən “Mərkəzi Asiya – Avropa İttifaqı” sammiti də buna bariz nümunədir. Qazaxıstan da daxil olmaqla, region ölkələri ilə əlaqələrin inkişafında bir məqsəd güdən Aİ, əslində getdikcə regional güc mərkəzinə çevrilən TDT-nın güclənməməsində maraqlıdır. Ankaranın israrla irəli sürdüyü “ortaq türk gündəmi”nə məhəl qoymadan öz geosiyasi üstünlüklərini açıq şəkildə nümayiş etdirən avropalılar hətta Orta Asiyada nisbətən üstün durumda olduqlarını xüsusi olaraq qeyd edirlər. Hətta TDT daxilində ixtilafların olduğunu sübut etmək istəyən Aİ Orta Asiyanın türkdilli dövlətlərinin guya Türkiyənin dəstəklədiyi Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) tanımamaqla yanaşı, Kipr Respublikasının (adanın yunan hissəsi) suverenliyini tanımaq istəyində olduqlarını da bəyan etməkdən çəkinmir.

Enerji ixracı marşrutlarının şaxələndirilməsinə gəlincə, Orta Asiya ölkələrinin Qərbə istiqamətlənən kəmərlərinin yalnız Rusiyadan keçdiyi halda səmərə verəcəyini düşünən rusiyalı ekspertlər Xəzər Nəqliyyat Marşrutunun (XNM) əvəzedicisinin olmadığını daimi olaraq vurğulayırlar. Qazaxıstan 2025-2040-cı illər üçün Neft Emalı Sənayesinin İnkişafı Konsepsiyası təsdiq edib – bu, təkcə daxili ehtiyacları ödəməli, həm də ölkəni neft məhsullarının ixracında regional liderlərdən birinə çevirməli olan sektorun transformasiyası üçün iddialı plandır. Buna görə də Qazaxıstan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyəyə neft nəqlini artırmaq niyyətindədir və İran limanları vasitəsilə Hindistana ixrac imkanlarını araşdırır.

Qazaxıstan ehtiyat edir ki, Qərb enerji sektorunda Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər ki, bu da Qazaxıstanın neft sənayesinə zərbə vuracaq. Xüsusən də bu yaxınlarda Qazaxıstan neftinin XNM vasitəsilə ixracı dayandırılıb. Amma bu dəfə səbəb xarici gəmilərin Rusiya limanlarına daxil olması üçün FSB-dən icazə almalı olduğu yeni Rusiya qaydaları idi. Bu, yaxın gələcəkdə həll olunacaq texniki məsələ deyil və XNM vasitəsilə neft ixracının illik nəticələrinə qlobal təsir göstərəcək. BTC boru kəmərinə gəlincə, burada heç bir məhdudiyyət yoxdur. Amma, Qazaxıstan neftinin bu xətt boyunca getməsi üçün əlavə boruya ehtiyac yaranır. Bu isə xeyli bahadır, infrastruktur hazır deyil. Bundan əlavə, Qazaxıstan neftinin keyfiyyəti aşağıdır, endirimlə satılır, Azərbaycan Azeri Lights isə yüksək qiymətə satılır. Buraxılan qazax neftinin həcminin artırılması Azərbaycan neftinin keyfiyyətini pisləşdirəcək və onun qiymətini aşağı salacaq, ona görə də Qazaxıstan Azərbaycanın itkisini azaltmaq istəyir. Yəni Qazaxıstan neftinin BTC vasitəsilə tədarükü.

Qardaşlıq xətti

İyulun 16-da Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri də diqqətçəkən məqamları ilə yadda qaldı. Azərbaycan Prezidenti İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında keçirilən görüşdə iki ölkənin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyi vurğulandı. Görüşdə siyasi, iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən nəqliyyat, energetika sahələrində əldə edilən bir çox nailiyyətlər barədə danışıldı, gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

Qurbanqulu Berdiməhəmmədov çıxış edərək Azərbaycan Respublikasına səfərində əsas məqsədin ikitərəfli münasibətləri daha da dərinləşdirmək və inkişaf etdirmək, əldə olunan nailiyyətləri möhkəmləndirmək, yeni layihələrin və istiqamətlərin həyata keçirilməsinə əlavə stimul vermək olduğunu qeyd edib. Türkmənistanla Azərbaycan xarici siyasət sahəsində BMT Nizamnaməsinə və tanınmış beynəlxalq hüquq normalarına riayət etməklə prinsipial və qəti mövqedən çıxış edir, dünyada və qitədə, regional məsələlərdə, Xəzər dənizi zonasında sabitliyin və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir.

Transxəzərdə birləşən maraqlar

Avropa İttifaqının 2027-ci ilin sonuna qədər Rusiya qazının idxalını tamamilə dayandırmaq niyyətində olması ilə əlaqədar olaraq, Brüssel Rusiya qazı üçün əvəzləyici tapmağa imkan verəcək bir neçə potensial mənbənin adını çəkir, o cümlədən Azərbaycan və dünyanın ən böyük təbii qaz ehtiyatlarına malik Türkmənistan. Azərbaycan öz qazını Avropaya çatdırmaqda Türkmənistan üçün “qapı” olmağa hazırdır. Xüsusi tapşırıqlar üzrə səfir Elçin Əmirbəyov və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Avropa mediasına müsahibələrində bildirdikləri kimi, Türkmənistan Brüssellə addımlarını sinxronlaşdırmağa hazırdır.

Türkmənistan yataqlarını Rusiyadan yan keçməklə Azərbaycan, Türkiyə və Avropa İttifaqı ilə birləşdirəcək Transxəzər qaz kəməri layihəsi də diqqət mərkəzində olub. Qaz layihələri ilə yanaşı, Orta Asiya, Cənubi Qafqaz və Türkiyədən keçən Avropa İttifaqı ilə Çin arasında strateji nəqliyyat marşrutu olan Orta Dəhliz adlandırılan layihəyə maraq artır. Əlverişli coğrafi mövqeyi və zəngin təbii sərvətləri ilə Türkmənistan regionun inkişaf etməkdə olan logistika və enerji arxitekturasında ən mühüm mövqe tutmağa çalışır.

Xəzərdə açar ölkə

Xəzər regionu Xəzəryanı dövlətlərdə öz təsirini gücləndirmək planlarından əl çəkməyən ABŞ-ın diqqət mərkəzində qalır. Amerikanın maraqlarını inkişaf etdirmək üçün əsas vasitələrdən biri yeni boru kəməri layihələridir. Onların tikintisi Vaşinqton tərəfindən uzunmüddətli maraqlar və Rusiyanın regionda siyasi və enerji təsirinin zəifləməsi ehtimalı kontekstində nəzərdən keçirilir. 2025-ci il may ayının sonunda ABŞ dövlət katibi Marko Rubio Türkmənistan qazını Avropa bazarına çatdırmaq üçün Türkmənistanı Azərbaycanla birləşdirməli olan transxəzər qaz kəmərinin tikintisi layihəsinə ABŞ administrasiyasının dəstəyini bir daha bəyan edib.

SSRİ-nin dağılmasından sonra karbohidrogenlərin hasilatı və Xəzər regionundan nəqli məsələləri ABŞ-ın bütün administrasiyalarının diqqət mərkəzində idi. ABŞ Xəzər regionunda boru kəməri memarlığının inkişafına diqqəti artırıb. Vaşinqton Xəzəryanı dövlətlərin Qərb ölkələrinin maraqları sferasında iştirakını artırmalı olan yeni boru kəməri layihələrini irəli sürüb. Əsas səylər region ölkələrinin yaxın onilliklərdə hasil etməli olduqları Xəzərin karbohidrogen ehtiyatlarının gələcək axınının Rusiya ərazisindən keçməməsinə yönəlib. Bu səbəbdən potensial neft və qaz ehtiyatlarına malik, lakin əsas satış bazarlarından uzaqda yerləşən Qazaxıstan, Azərbaycan və Türkmənistan ABŞ-ın diqqət mərkəzində olub.

Amerika tərəfi bir sıra boru kəməri layihələrinin həyata keçirilməsinə nail olub. Bu, Azərbaycanın karbohidrogenlərinə aiddir və onların xarici bazara çıxışı təmin edilirdi. Ötən əsrin 90-cı illərində Azərbaycan neftinin və qazının gələcək həcmlərinin ixrac istiqamətlərinin seçilməsi məsələsində baş verən rəqabətdə Rusiya öz mövqelərini müdafiə edə bilmədi. Nəticədə, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri Xəzər karbohidrogenlərinin Türkiyə bazarına, daha sonra isə “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi ilə Avropa qaz bazarına çıxışı təmin etdi.

Bununla belə, ABŞ üçün Xəzər regionunda geosiyasi məkanı köklü şəkildə yenidən formatlaşdırmaq vacib idi. Bu məqsədlə Amerika tərəfi karbohidrogen ehtiyatlarının axın marşrutlarına və bununla yanaşı, regionda qüvvələr balansına əhəmiyyətli təsir göstərəcək boru kəmərləri çəkməyi planlaşdırırdı. Bu kontekstdə Qazaxıstan nefti və Türkmənistan qazının Azərbaycan üzərindən dünya bazarına çıxması üçün perspektivli marşrut kimi qiymətləndirilən transxəzər boru kəmərləri layihələri Vaşinqtonda xüsusi maraq doğurub.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə