"Forum gerçəklərin üzə çıxarılması üçün formalaşmış bir platformadır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Şuşa Qlobal Media Forumu həm ölkəmizin ictimai-siyasi həyatında, həm də bütövlükdə cəmiyyətimizin həyatında mühüm əhəmiyyət daşıyan hadisələrdən biridir. Artıq üçüncü dəfə keçirilən Şuşa Qlobal Media Forumu ildən-ilə daha çox iştirakçı toplayır. Fərqli ölkələrin təmsilçiləri, beynəlxalq agentliklərin və nüfuzlu media strukturlarının nümayəndələri bu mühüm tədbirdə bir araya gəlirlər". Bu sözləri SİA-ya 3-cü Şuşa Qlobal Media Formu zamanı politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, artıq dünya bilir ki, Şuşa Media Forumu gerçəklərin üzə çıxarılması üçün formalaşmış bir platformadır. Burada aparılan müzakirələr, tanınmış ekspertlərin və aparıcı media nümayəndələrinin müxtəlif məsələlərə dair səsləndirdiyi fikirlər, irəli sürdüyü yanaşmalar həm ölkəmiz, həm də beynəlxalq ictimaiyyət üçün mühüm aktuallıq kəsb edir: "Forumun əhəmiyyəti Prezident İlham Əliyevin açılış mərasimində iştirak edərək çıxış etməsi və xarici media nümayəndələrinin suallarını cavablandırması ilə daha da artır. Prezidentin cavablarında mühüm mövzulara toxunuldu, strateji önəm kəsb edən fikirlər və açıqlamalar səsləndirildi. Müasir dövrdə insanlar gündəlik olaraq saysız-hesabsız informasiya qəbul edirlər. Bu qədər məlumatın içərisində yalanı gerçəkdən ayırmaq getdikcə çətinləşir. Prezident İlham Əliyevin çıxışından aydın oldu ki, informasiya təhlükəsizliyi bu gün bizim üçün milli təhlükəsizlik qədər vacib məsələdir. Bəzi dairələr klassik jurnalistikanı təbliğat alətinə çevirmək istəyir, lakin Azərbaycan bu məsələdə fərqli yol seçir – biz obyektiv və həqiqi informasiyanı prioritet hesab edirik.

Prezidentimizin media ilə bağlı məsələlərə dərindən bələd olduğunu 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. O dövrdə dövlət başçısı 40-a yaxın müsahibə verərək Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırdı, beynəlxalq medianın diqqətini ədalətli və obyektiv həqiqətlərə yönəltdi. Bu fakt bir daha sübut edir ki, informasiya müharibəsi real döyüş meydanları qədər əhəmiyyətlidir. İnformasiya sahəsində çalışan hər bir peşəkar öz vəzifəsinin məsuliyyətini dərk etməli, yazdığı hər sətirə, səsləndirdiyi hər sözə, çəkdiyi hər kadra görə məsuliyyət daşımalıdır. Jurnalistika sadəcə peşə deyil, həm də bir sənətdir, cəmiyyətə yön verən, ictimai rəyin formalaşmasında həlledici rol oynayan nüfuzlu bir sahədir.

Forumun auditoriyası olduqca geniş və rəngarəngdir. Bu il tədbirə Afrikadan, Amerikadan, Cənubi Asiyadan və dünyanın digər regionlarından nümayəndələr qatılıb. Onlar burada ciddi işlərin aparıldığını, faydalı müzakirələrin təşkil olunduğunu görür və Şuşanın mədəni-siyasi mühitində formalaşan bu platformanı yüksək qiymətləndirirlər. Məqsədimiz, informasiya siyasətində obyektiv mövqe tutaraq qlobal problemlərin həllinə, beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə töhfə verməkdir.

Prezident İlham Əliyev jurnalistlərin suallarını cavablandırarkən Ukraynalı jurnalistlərin Azərbaycanın təcrübəsindən örnək götürdüyünü və öz haqq mübarizələrinə davam etdiklərini bildirdi. Azərbaycan daim münaqişələrin həllində sülh yolunu üstün tutmuş, beynəlxalq hüququn prinsiplərinə sadiq qalmışdır. Ukrayna məsələsində də Azərbaycan ilk gündən bu ölkənin ərazi bütövlüyünü tanıdığını və problemin sülh yolu ilə həllini dəstəklədiyini bəyan edib. Eyni zamanda, Azərbaycan dövləti Ukrayna xalqına humanitar yardımlar göndərir ki, bu da humanist dəyərlərə və beynəlxalq həmrəyliyə sadiqliyimizin bariz nümunəsidir.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə