Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqını ukraynalıların orduya məcburi çağırılmasına qarşı tədbir görməyə çağırıb. O, bunu Macarıstanın “Origo” nəşrinin jurnalisti ilə söhbətində deyib. “Ukraynanın Avropa İttifaqına üzvlüyünə uyğunluğu barədə çıxışlar edə bilməzsiniz və ertəsi gün məcburi hərbi xidmət zamanı döyülərək öldürülən insanları dəfn edə bilməzsiniz”, - Orban deyib.
O əlavə edib ki, Macarıstan hökuməti vəziyyəti izləyir və hərbi çağırış zamanı macar kişilərin hansı ailələrdən aparıldığını bilir. Orban ölənlərin və yetimlərin sayını bildiyini vurğulayıb. Bununla bağlı o, Brüsseli məsələyə müdaxilə etməyə və “məcburi səfərbərlik” praktikasını dayandırmağa çağırıb.
Orbanın qeyd etdiyi kimi, müharibə şəraitində olan bir ölkədə insanların döyülərək öldürülməsi qəbuledilməzdir və əgər qurban AB üzvü olan bir ölkənin vətəndaşıdırsa, Brüssel səssiz qala bilməz.
Xatırladaq ki, ötən həftə Ukraynanın Macarıstandakı səfiri Fedir Şandor “səfərbərlik zamanı döyülmə nəticəsində baş verdiyi” iddia edilən macar əsilli ukraynalı hərbçinin ölümü ilə əlaqədar yerli Xarici İşlər Nazirliyinə çağırılmışdı. Öz növbəsində Ukrayna tərəfi ölən İosip Sebeşteninin Ukrayna vətəndaşı olduğunu bildirib. Və məhkəmə-tibbi ekspertizanın rəyinə görə, onun ölümünə səbəb ağciyər emboliyası olub.
Bundan sonra Macarıstan Prezidenti Tamaş Szujok Yosip Sebestenin ailəsinə məktub yazaraq, bir macarın həyatının “xalqımız üçün unikal dəyər olduğunu” qeyd edib.
Həmçinin ötən həftə Ukrayna Silahlı Qüvvələrinin tərəfində könüllü kimi döyüşmüş 21 yaşlı Macarıstan vətəndaşı Benjamin Asherin Ukraynadakı müharibədə həlak olduğu bildirilib.
VƏLİ
Bütün xəbərlər Facebook səhifəmizdə