"Böyük Qayıdış proqramı dövlət səviyyəsində həyata keçirilir" - ŞƏRH EDİLDİ
"Hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələrinə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə və planlı şəkildə qayıdışı intensiv formada həyata keçirilir. Bu proses dövlət tərəfindən həyata keçirilən "Böyük Qayıdış" proqramı çərçivəsində həyata keçirilir və gözlənildiyindən daha sürətli inkişaf dinamikası nümayiş etdirir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, artıq bir sıra yaşayış məntəqələrinə həmin torpaqların əsil sakinləri qayıtmış və daimi məskunlaşmışlar: "Bununla yanaşı, bölgələrdə sosial infrastrukturun yenidən qurulması və fəaliyyəti də sürətləndirilib. Belə ki, artıq məktəblər fəaliyyətə başlayıb, səhiyyə müəssisələri xidmət göstərir, yeni iş yerləri yaradılır və iqtisadi fəaliyyət canlandırılır.
Bu prosesin gələcəkdə daha da sürətlənəcəyi gözlənilir. İnsanların doğma torpaqlarına könüllü və həvəslə qayıtmaq istəyi, dövlətin bunun üçün müvafiq infrastruktur və sosial şərait yaratması ilə birbaşa əlaqəlidir. Xatırlatmaq yerinə düşər ki, müharibədən əvvəlki dövrdə və eləcə də müharibədən dərhal sonra bəzi dairələr və xarici qüvvələr tərəfindən iddia edilirdi ki, keçmiş məcburi köçkünlər həmin ərazilərə geri qayıtmaq istəməyəcəklər və bu torpaqlar unudulub. Lakin praktika göstərdi ki, bu iddialar tam əsassız idi. Əksinə, vətəndaşlar öz doğma yurdlarına daha tez və dayanıqlı şəkildə qayıtmaq üçün yüksək motivasiya və istəklə çıxış edirlər".
Siyasi şərhçi qeyd edib ki, hazırda "Böyük Qayıdış" prosesi yalnız dövlət səviyyəsində həyata keçirilən inzibati-infrastruktur tədbirlərlə deyil, eyni zamanda ictimaiyyətin geniş təbəqələrinin fəal dəstəyi və şəxsi təşəbbüsləri ilə də müşayiət olunur: "Mənim də birbaşa təmasda olduğum Qarabağ və Şərqi Zəngəzurdan olan çoxsaylı soydaşlarımızın doğma yurdlarına qayıtmaq üçün yüksək maraq və təşəbbüskarlıq göstərməsi bu prosesin cəmiyyət daxilində sosial sifarişə çevrildiyini təsdiqləyir. Vətəndaşlar, o cümlədən şəxsi müraciətlərlə, tezliklə həmin ərazilərə qayıtmaq arzularını bildirirlər ki, bu da milli səviyyədə yurd sevgisinin və vətənə bağlılığın bariz göstəricisidir.
Azərbaycan dövləti də bu ictimai istəyi nəzərə alaraq, köçürülmə və məskunlaşdırma prosesini maksimum səmərəliliklə və sürətlə həyata keçirməyə çalışır. Ərazilərin minalardan təmizlənməsi prosesi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir, çünki mina təhlükəsi hazırda işlərin ləngiməsinə səbəb olan əsas texniki və təhlükəsizlik faktorlarından biridir. Bununla belə, minatəmizləmə fəaliyyətləri yüksək intensivliklə davam etdirilir və paralel olaraq irimiqyaslı tikinti və infrastruktur layihələri icra olunur.
Əldə edilən nəticələr arasında xüsusilə qeyd olunmalıdır ki, qısa müddət ərzində Laçında üçüncü beynəlxalq hava limanının istifadəyə verilməsi ilə ölkənin azad edilmiş ərazilərində artıq üç beynəlxalq statuslu hava limanı fəaliyyət göstərir. Bu fakt özü də "Böyük Qayıdış" proqramının dövlət səviyyəsində sistemli və strateji yanaşma ilə həyata keçirildiyini sübut edir"- deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə