"Almaniya tərəfi daha diqqətli, məsuliyyətli olmağa çalışacaq" - Millət vəkili DANIŞDI

“Azərbaycan bu gün ikitərəfli əlaqələrin inkişafı üçün davamlı olaraq müxtəlif tədbirləri həyata keçirir və addımlar atır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə davamlı olaraq Azərbaycan öz uğurlarını təmin edir və Almaniya ilə Azərbaycan əlaqələri uzun illərdir inkişaf edib ki, hətta Ermənistan–Azərbaycan münasibətlərinin tənzimlənməsi istiqamətində Almaniya bu prosesə öz dəstəyini də verib: “Görüşlərdən biri də Almaniyada keçirilmişdir. O mənada, Azərbaycan bu gün Almaniya ilə münasibətlərin qorunmasında maraqlıdır. Hesab edirik ki, bu son səfər də əlaqələrimizin inkişafına, daha da genişlənməsinə, möhkəmlənməsinə öz töhfəsini verəcək və əlaqələrimizdə yeni bir mərhələnin, səhifənin açılmasına öz töhfəsini verəcək. Bu istiqamətdə Azərbaycanın əldə etdiyi münasibətlərin inkişafı yönündə atdığı addımlar da olduqca önəmlidir. Təəssüflə qeyd etmək lazımdır ki, bir müddət bundan əvvəl Almaniya prezidentinin sosial media hesabında Ermənistana dəstək xarakterli bir addım atıldı və bu addım Azərbaycan tərəfindən ciddi bir narahatlıq doğuran məsələ kimi xarakterizə olundu. Bu yöndə Azərbaycan öz sərt reaksiyasını, sərt münasibətini haqlı olaraq bildirdi və ondan sonra Almaniya tərəfi öz səhvini etiraf etdi. Dünən Almaniya prezidenti Azərbaycanda idi. Bu səfər hesab edirik ki, əlaqələrimizin inkişafına öz müsbət və ciddi töhfələrini verəcək və bizim əlaqələr öz tarixində yeni bir mərhələyə daxil olaraq əlaqələrimiz daha da inkişaf edəcək.

Prezident İlham Əliyev öz mövqeyini növbəti dəfə bildirdi, açıqlamasını ortaya qoydu və hesab edirik ki, bu da qarşı tərəfdən nəzərə alınacaq və gələcəkdə Azərbaycanla bağlı məsələlərdə onlar daha həssas münasibət sərgiləyəcəklər və Ermənistanın münasibətlərimizi korlamasına imkan verməyəcəklər. Yəni, bu məsələdə bizim hər birimiz bu məsələnin əhəmiyyətini və reallığını bilirik və anlayırıq. Ona görə də gözlənilir ki, Almaniya tərəfi gələcəkdə bu səhvləri bir daha təkrarlamayacaq və münasibətlərimiz öz inkişaf dövrünü yaşayacaq. Bütün hallarda əlavə olaraq onu da qeyd edim ki, Azərbaycan bu məsələyə çox ciddi münasibətini bildirib, reaksiyasını göstərib. Almaniya tərəfi öz səhvini etiraf edib və biz ümid edirik ki, gələcəkdə bu cür hallar bir daha təkrarlanmayacaq, baş verməyəcək və bu cür təxribatlara son qoyulacaq. Münasibətlərimizdə bu cür halların baş verdiyini bir daha müşahidə etməyəcəyik. Yəni, bu baş verən proseslərdən Almaniya tərəfi də ciddi nəticə çıxaracaq və daha diqqətli, məsuliyyətli olmağa çalışacaqlar. Çünki bu, bizim üçün də olduqca həssas, vacib, önəmli məsələlərdən biridir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə