31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə anım tədbirləri keçirilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Mərasimlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də soyqırım qurbanlarının xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd olunub ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, həmçinin Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılar kütləvi şəkildə vəhşicəsinə qətlə yetirilib.

Ulu Öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə hər il martın 31-inin Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunduğu diqqətə çatdırılıb.

Tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, eləcə də Heydər Əliyev Fondunun ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı dəhşətlərinin dünyaya tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərin əhəmiyyəti xüsusi vurğulanıb.

Anım tədbirlərində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin hazırladığı ədəbi-bədii kompozisiyalar təqdim olunub, fotosərgilər, sənədli filmlər nümayiş etdirilib, ictimai-siyasi hazırlıq dərslərində mövzuya dair mühazirələr oxunub.

Hərbi qulluqçular tərəfindən soyqırım qurbanlarının abidələri, eləcə də torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının məzarları ziyarət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə