"ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında olan görüş çox vacib məqamla yadda qaldı". Bunu SİA-ya politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, danışıqlar tərəflər arasında razılığın əldə olunması üçün aparılır: "Bir haldaki, həmin danışıqlarda kobudluq, etikanın pozulması və ya bir-birini qəbul etməmə göstəriciləri üzə çıxırsa bu görüş və danışıqların xeyrindən daha çox zərəri olur. İkincisi, siyasi etikada eşidib, dinləyib, diqqətli olmaq daha vacib məsələdir. İlk növbədə danışıqlar tərəflərin bir-birini anlamasını ehtiva edib, bu məhfumu özündə əks etdirir. Ən əsas məsələ ondan ibarətdir ki, danışığa gedən tərəf onu bilməlidir ki, danışıq həm də susmağı tələb edir. Niyə? Çünki susanda qarşı tərəf qarşısında olanı diqqətlə dinləyib, nəticələr çıxarır. Biz burada gördük ki, paralel surətdə, sinxron şəkildə hər iki fiqurant eyni anda danışırdı. Bunlar bir-birini eşitmir və səs tonunu yuxarı qaldırır. Səs tonu yuxarı qalxanda isə istər-istəməz yanbayan oturan şəxslər, uzaq məsafədən danışırmış kimi danışdılar".
Onun sözlərinə görə, psixologiya qanununa görə səs tonu yuxarı qalxırsa, insanlar bir-birindən uzaqlaşır: "Onlar bir-birini qəbul etmir, inkar edirlər. Bu görüş çox nəticəsiz oldu. Görüş son dərəcə arzuolunmaz presedent yaratdı. Belə bir formatı təkrarlamaq, heç bir lüzum vəd etmir. Burada ev yiyəsinin üstünlüyü olmalı idi. Tək ona görə yox ki, ABŞ fövqəl dövlət olub, çox böyük qüdrətə malikdir, eyni zamanda ABŞ 3 il ərzində Ukraynaya külli-miqdarda yardım göstərib. Amma ev yiyəsi gərək qonağı dinləyib, nəzakət və hörmətlə qarşılasın. Gördük ki, həm ev yiyəsi sərhədləri pozub, cızığından çıxdı, qonaqda özünü təkəbbürlü tərzdə özünü apardı. Bu əslində düzgün sayılmırdı. Şərq təfəkkürünə görə, deyirəm ki, yaş məsələsi də nəzərə alınmalı idi.
Donald Tramp yaşına və təcrübəsinə görə dünyagörmüş adamdır. Volodimir Zelenski isə həm yaş, həm də siyasi cəhətdən yığıcam təcrübəyə malikdir. Gərək o, özünü bir qədər cilovlayıb, ev yiyəsinə hörmət olaraq, təmkinlə cavab verərdi. Dünya siyasətində belə hadisələr çox olub, amma biz həm də “Amerikasayağı şou”nun şahidi olduq. Çünki mətbuat ora dəvət olunmuşdu, mətbuatın sualları odun üzərinə yanacaq maddəsi atırdı.
Düşünürəm ki, mətbuatın orada olması özünü doğrultmadı. Zelenskini nə dərəcədə dövlət rəhbəri kimi təsbit etmək yerinə düşür. Çünki onun prezident səlahiyyətlərinin müəllifi çoxdan bitib. O, müharibə şəraitindən istifadə edərək, deyir ki, seçki keçirmirik. Eyni zamanda o, Rusiyanı tərəfdaş və potensial danışıqların iştirakçısı kimi qəbul etmir. Bu format bağlı qapı arxasında danışıqlar aparmalı, nəticəyə gəlib, mətbuata hesabat təqdim edə bilərdilər. Amma bu olmadı. Bu görüşdə həm mətbuatın iştirakı, həm də ABŞ Administrasiya nümayəndələrinin olması görüşü qeyri-ənənəvi tərzdə dünya birliyinə göstərdi. Bu özü bir dərsdir ki, nəyi etmək olmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə