"Biz onların ərazilərinə hər hansısa bir zərər vurmamışıq" - ŞƏRH EDİLDİ

"Azərbaycan-Ermənistan arasında əslində ikinci Qarabağ müharibəsinin bitməsindən sonra atəşkəsin qarşı tərəfin və onların havadarlarının xahişləri ilə Azərbaycan tərəfindən qəbul edilməsindən sonra 4 ildir ki, atəşkəs elan olunub". Bu sözləri SİA-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov deyib.
Onun sözlərinə görə, 2020-ilin noyabrında biz atəşkəsə razılıq vermişik və bu atəşkəsdən artıq 4 ildən artıq müddət keçib: "Bu müddət ərzində kifayət qədər vaxt və imkanlar var idi ki, Azərbaycan-Ermənistanla sülhə nail olunsun. Müharibənin bitməsindən bir neçə ay sonra yəni 2021-ci ilin yanvarında Azərbaycan Prezidentinin rəhbərliyi ilə Azərbaycan dövləti Ermənistana baza prinsipləri əsasında sülh təkliflərini irəli sürdü. Bu prinsiplər də ümumilikdə beynəlxalq aləmdə olan prinsiplərdir. Yəni burada Azərbaycanın əlavəsi və yaxud Ermənistanın vəziyyətini pisləşdirən, Azərbaycanın vəziyyətini yaxşılaşdıran bir məqam yox idi. Sadəcə keçmiş münaqişəni və ərazi iddialarını istisna edən sülh təklifləri idi. Ondan sonra bir sıra razılaşmalar əldə edildi. 10 noyabr 2020-ci bəyanatla davamlı olaraq Ermənistanın öz üzərinə götürdüyü öhdəliyinə riayət etməməsinin nəticəsi oldu ki, Azərbaycan bir neçə Ermənistanın o təxribat xarakterli addımlarına cavab vermək məcburiyyətində qaldı və sonda Ermənistanın Azərbaycan ərazilərində mövcud olan terror qruplaşmalarının Azərbaycandan çıxarılması ilə bağlı 2023-cü ildə Azərbaycan tərəfi müharibədən sonra təxminən 2 il yarım sonra anti-terror tədbirləri həyata keçirməyə başladı. Bu prosesə paralel olaraq Azərbaycanın daha çox təşəbbüsü ilə sülh prosesi, sülh müqaviləsinin imzalanması prosesi davam etdirilir. Artıq bizə, ictimaiyyətə də məlumdur ki, 17 maddəlik sülh sazişinin mətni var. Bu sazişin 17 maddəsinin 15 maddəsi razılaşdırılıb. Yerdə qalan 2 maddə ilə bağlı razılaşdırılmayan məqamlar var. Bununla bağlı cənab Prezident İlham Əliyevin mövqeyi də var idi ki, bu iki bənd deməli qarşılıqlı iddialardan əl çəkmək məsələsində razılığa gəlmək və eyni zamanda sərhədboyu ərazilərdə digər dövlətlərin ordularının saxlanılması məsələsində razılığa gəlmədiklərini bildirib. Əslində reallığa nəzər yetirsək Ermənistanın Azərbayacana qarşı iddia irəli sürmək haqqı yoxdur, əksinə Azərbaycanın Ermənistana qarşı iddia irəli sürmək haqqı vardır. Çünki Ermənistan 30 ilə yaxın bir müddət ərzində Azərbaycan ərazilərini qanunsuz olaraq işğal altında saxlayırdı. Biz onların ərazilərinə hər hansısa bir zərər vurmamışıq. Əksinə onlar 30 il ərzində bizim ərazilərimizdə ekosid, genosid və kultursid cinayətləri törədiblər".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə