Enerjidən səmərəli istifadə bizə nə qazandırır?

Enerji səmərəliliyi, istilik və soyutma sistemlərinin səmərəli istifadəsi, işıqlanma, istehsal üçün sərf olunan enerji miqdarının azaldılmasına yönəlmiş tədqiqatların ümumi adıdır. Enerji səmərəliliyi hər şeydən əvvəl dünyanı qorumaq üçün vacib amildir. Bərpa olunan enerjilərdən tez-tez istifadə, karbon əsaslı qalıq yanacaqlardan az istifadə daha az istixana qazları və daha az hava çirklənməsi deməkdir.

Yüksək enerji səmərəliliyi, iqtisadiyyata böyük yük yaradan enerji resurslarından xaricdən asılılığın azaldılmasına da ciddi töhfə verəcək. Enerji tələbinin artması, uzunmüddətli perspektivdə neft və ya təbii qaz kimi etibarlı və əlverişli resurslara çıxışı çətinləşdirəcək. Enerji səmərəliliyini artırmaqla enerji istehlakının azaldılması bu və buna bənzər risklərin azaldılmasına böyük töhfə verəcək.

Enerji səmərəliliyi üzərində işləmək üçün bir işin əsas məqsədi maliyyədir. Enerji səmərəliliyinin artırılması təkcə biznesdə xərcləri azaltmır, həm də daha rəqabətli proseslərə töhfə verir. Bundan əlavə, enerji səmərəliliyinin artırılması təkcə iqtisadi məqsədlərə, yəni ödənişlərin azaldılmasına yönəldilmir. Yəni prosesə daha yaxşı nəzarət etməyə imkan verən daha müasir texnoloji avadanlıqların istifadəsi enerjidən səmərəli istifadə etməyə imkan vermir, həm də məhsulun keyfiyyətini artırır və qoruyur. Digər tərəfdən, daha az enerji istifadəsi ilə eyni nəticələrin əldə edilməsi idxal enerjisindən asılılığı azaldacaq və enerji qiymətlərinə nəzarəti artıracaq. Daha az enerji istehlakı ətraf mühitə daha az tullantıların atılması ilə nəticələnəcək ki, bu da havanın keyfiyyətinin yaxşılaşmasına töhfə verəcək. Havanın keyfiyyətinin yaxşılaşdırılması nəticəsində isə CO2 emissiyalarının və su buxarının azalması iqlim dəyişikliyinin qlobal təsirlərini də azaldacaq.

Cihaz seçimi enerjinin bərpasında son dərəcə vacibdir. Ofis və iş yerlərində, böyük mağazalarda, ticarət mərkəzlərində istifadə edilən kondisionerlərin, havalandırma sistemlərinin olduğu mühitə uyğun tərtib edilməsi, doğru elektrik stansiyalarının seçilməsi enerjiyə qənaət və xərclərin azaldılması üçün diqqət edilməli olan detallardır. Dondurucular, sobalar, qabyuyan və paltaryuyan maşınların müasir modelləri köhnə cihazlardan olduqca az enerji sərf edir. Paltarları paltarqurutma maşınında deyil, ipdə, günəşin altında qurutmaq enerji sərfiyyatını əhəmiyyətli dərəcədə azaldır. Mövcud enerjiyə qənaət edən soyuducular, məsələn, 2000-ci illərdəki modellərdən 40 faiz az enerji sərf edir. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, Avropadakı bütün ev təsərrüfatları on ildən artıq köhnəlmiş cihazlarını yeniləri ilə əvəz etsəydilər, hər il 20 milyard kVt/saat elektrik enerjisinə qənaət edilərək CO2 emissiyalarını təxminən 18 milyard kq azaltmaq olardı. ABŞ-da müvafiq rəqəmlər 17 milyard kVt/saat elektrik enerjisi və 27 milyard kq CO2 olacaq.

Aparılmış araşdırmaya görə, köhnə cihazların dəyişdirilməsi istixana qazı emissiyalarını azaltmaq üçün ən təsirli qlobal tədbirlərdən biridir. Müasir enerji idarəetmə sistemləri həmçinin müəyyən müddətdən sonra boş qalan cihazları söndürməklə və ya aşağı enerji rejiminə keçirməklə enerji istehlakını azaldır. Məsələn, televizora baxmadıqda onu pultdan söndürmək yerinə naqili enerjidən ayırmaq lazımdır. Əgər telefon enerjiyə qoşulmayıbsa enerji cihazını daim naqildə saxlamaq da enerji israfıdır. Enerji səmərəliliyinin pik tələbata təsiri, cihazın nə vaxt istifadə olunduğundan asılıdır.

Enerjidən səmərəli istifadə ilə bağlı qərarlar qəbul edərkən bəzi xırdalıqlara diqqət edilməlidir. Əvvəla, insanların enerjidən səmərəli istifadə etmələri üçün maarifləndirmə artırılmalıdır. Araşdırmalara görə, insanların enerji istehlakı vərdişlərini dəyişdirməklə, yəni məlumatlılıqlarını artırmaqla enerji xərclərində təxminən 10% azalma əldə oluna bilər. Bundan əlavə, enerjinin idarə edilməsi üzrə proqramların həyata keçirilməsi vacibdir. Araşdırmalarda enerjinin idarə edilməsi proqramlarının davam etdirilməsinin əsaslı xərclər istisna olmaqla ümumi enerji istehlakında 1- 2%, istehlakda isə 10- 40% azalma ilə nəticələndiyi ifadə edilir.

Enerjinin gələcək üçün səmərəli istifadəsi son dərəcə əhəmiyyətlidir. Enerjidən səmərəli istifadə etmək səyləri ən sadədən ən mürəkkəbə qədər bütün sektorlarda çox vacibdir. Qanunvericilikdə dəyişikliklərin edilməsi, enerji səmərəliliyi proqramlarının istehlakçılara çatdırılmasının təmin edilməsi, istehsal və paylama mərhələsində enerji şirkətlərinin yeni enerji investisiyaları yerinə enerji səmərəliliyi tədqiqatlarına investisiya qoymağa təşviq edilməsi də vacib tədbirlərdir.

İşıqlandırma sahəsində aparılan enerji səmərəliliyi araşdırmaları sayəsində məlum olub ki, həm enerji səmərəliliyi, həm də enerji qənaətini təmin edəcək bir çox yollar mövcuddur. Bir çox ölkə illərdir bu üsullardan istifadə edərək enerji səmərəliliyini artırır. Hesablamalara görə, standart bir kommersiya obyektində yalnız işıqlandırma, elektrik istehlakının 40% -ni təşkil edir. Halbuki gün işığından daha çox yararlanmaq, enerjiyə qənaət edən lampalardan istifadə etmək, istifadə olunmayan yerləri daimi işıqlandırmamaq, işıqlandırma sisteminə vaxtaşırı texniki qulluq göstərmək, lampa sensorları kimi üsullarla işıqlandırmaya nəzarət və qənaət etmək olar.

Böyük ölkələr enerji səmərəliliyi və enerjiyə qənaət vasitəsi ilə ölkə iqtisadiyyatını çökməkdən xilas edə bilirlər. Bu vasitələrdən biri də avtomobil yolu ilə müqayisədə daha üstün olan dəniz və dəmir yolu kimi alternativ yük və sərnişin daşımalarıdır. Həmçinin böyük şəhərlərdə işıqlandırma sisteminə səmərəli istifadə qaydaları tətbiq edilə bilər. İndi bəzi şəhərlər qeyri-pik saatlarda işıqları zəiflətməklə və ya led işıqlarına keçməklə küçə işığının enerji istehlakını azaltmağa çalışır. Qeyd edək ki, led lampaların enerji istehlakını 50-80%-ə qədər azaltdığı məlumdur.

Enerji səmərəliliyində maksimum nəticə əldə etmək üçün indi dünya ölkələri canla-başla çalışır. Hökumətlər, dövlətlər daha az enerji ilə daha çox təminat əldə edə bilmək üçün bütün imkanlarını səfərbər edir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə