Dondurma alarkən diqqət edilməli məqamlar BƏLLİ OLDU - MÜNASİBƏT BİLDİRİLDİ

"Dondurma süd məhsuludur. Bildiyimiz kimi süd məhsulu heyvan mənşəli qidadır. Ona görə mütləq şəkildə burada istifadə olunan süd keyfiyyətli, sağlam heyvandan əldə olunmalıdır, mütləq də baytar nəzarətindən keçən heyvanlardan əldə olunan südün həm sağılması prosesi, həm saxlanılması, daşınması kimi bütün proseslərdə sanitariya-gigiyena normalarına əməl olunmalıdır. Əks halda zülal mənşəli olduğu üçün daha tez xarab olmağa meyillidir". Bu sözləri SİA açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O bildirib ki, tərkibində mikroorqanizmlərin çoxalması, insan sağlamlığında bir çox fəsadlara yol açması gələcəkdə qarşısı alınmaz problemlərlə nəticələnə bilər: "Xüsusilə də, digər məhsullar, qaymaq, yağ və əlavə məhsullar da heyvan mənşəlidir. Ona görə mütləq keyfiyyətli məhsuldan istifadə olunmalıdır. Bəzən süd əvəzinə quru süddən istifadə olunur, yaxud da sənaye üsulu hazırlanmış süd yağı əvəzedicilərdən istifadə olunur ki, bunlar da bir çox sağlamlıq problemlərinə yol aça bilər. Xüsusilə həssas, xroniki xəstəliyi olan, allergiyası olan insanlarda həzm sisteminin pozulması, bağırsaq mikroflorasının dəyişməsi, nəticədə immun sisteminin aşağı düşməsi ilə nəticələnə bilər. Ancaq son aparılan monitorinqlərin nəticəsi göstərdi ki, 26 istehsalçıya məxsus 69 dondurmadan götürülən nümunələrin nəticəsi olaraq 10 məhsulda qüsurların aşkar olunması ilə yanaşı həm də insan sağlamlığına təhlükəli olan bakteriyalar aşkarlanıb. Enterobakteriyaların 50-yə yaxın növü var. Hər bir növü də insan sağlamlığında bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır. Bu xəstəliklər, əsasən, iltihabi xəstəliklər, xüsusilə də, bağırsaq mikroflorasının dəyişməsinə, tənəffüs yolları xəstəliklərinə, böyrək xəstəliklərinin digər orqanlarda problemlərə səbəb olduğunu göstərir. Bəzən olur ki, insanlar bu bakteriyalar olan məhsulları qəbul etdikdən sonra bağırsaq mikroflorası dəyişdiyi üçün ishala səbəb olur. Bəzən isə ishalla qəbizlik növbəli şəkildə bir-birini əvəz edərək orqanizmin immun sisteminin aşağı düşməsinə gətirib çıxarır. Xüsusilə də, bağırsaqlarda faydalı mikroorqanizmlərin yox olmasına səbəb olur. Ona görə yaxşı olar ki, keyfiyyətli, mənşəyi bəlli olan dondurmadan istifadə etsinlər. Eyni zamanda bu kimi monitorinqlərin aparılması yüksək qiymətləndirilir. Nəticəsinin də ictimaiyyətə açıqlanması bu işin daha məsuliyyətli olduğunu bir daha göstərir".

Onun sözlərinə görə, yaxşı olar ki, həmin partiyadakı bakteriyalar aşkarlanıb onların satışdan geri çağırılması, eyni zamanda da həmin məhsulların məhv olunması da ictimaiyyətə çatdırılsın: "Çünki əks halda insanlar arasında sual yaranır ki, bu məhsullar hələ də satışda var?, yaxud da, hansı partiyada olduqları, həqiqətən də, satışdadırmı? kimi sualların olmaması üçün yaxşı olar ki, bu haqda da ictimaiyyət geniş şəkildə məlumatlandırılsın. Eyni zamanda da cərimə tədbirlərinin sərtləşməsi də daha məqsədəuyğun olardı. Çünki müəssisənin inkişafı üçün daha keyfiyyətli məhsulları istehlakçılara təqdim edə bilməsi üçün bu kimi qaydalara daha ciddi əməl olunması vacibdir. Çünki bir çox insanlarda, xüsusilə azyaşlılarda, yüksək risk qrupuna aid yaşlı insanlarda bu məhsulları istifadə etmək nəinki sağlamlıq problemlərinə, bir çox hallarda immun sistemi zəif olanlarda hətta ölümlə nəticələnə bilər. Ona görə də diqqət etmək lazımdır.

Digərlərində isə dondurmanın tərkibində istifadə olunduğu kərə yağı qeyd olunsa da, tərkibində bitki yağı aşkarlanıb. Bəzən də bitki yağı yazılsa da, dəqiq olaraq hansı bitki yağından istifadə olunduğu göstərilmir. Bunlar da məhsul üçün onun keyfiyyətində şübhə doğuran məqamlardır. Bunlara da diqqət etmək lazımdır. Ümumiyyətlə, keyfiyyətli dondurma süd, yağ, qaymaqdan ibarət olmalıdır. Əlavə olaraq dadlandırıcı kimi şəkərdən, baldan, bəzən isə çərəzlərdən istifadə olunmalıdır. Yaxşı olar ki, müddəti az olan dondurmalardan istifadə olunsun. Paketlənmiş dondurmalardan istifadə edəcəklərsə, mütləq paketin tamlığı pozulmamalı, üzərində yazılar aydın şəkildə qeyd olunmalıdır.

Etiket məlumatlarında istehsalçı şirkət haqqında ətraflı məlumat olmalıdır. Məhsulun 70%-ə yaxını əsas olan süd, qaymaq, yağdan ibarət olsun. Əgər süd yağı əvəzedicisi, yaxud da, mənşəyi bəlli olmayan, eyni zamanda daha çox konservantlardan, dadlandırıcılardan istifadə olunursa, rəf ömrü uzundursa, bu zaman həmin məhsulları keyfiyyətli dondurma hesab etmək olmaz. Ağızda əridikdə qaymaq dadı varsa, bu, keyfiyyətli süd, yağdan istifadə olunduğunu göstərir. Əgər acı dad qalırsa, burada bitki yağı, digər kimyəvi maddələrdən daha çox istifadə olunduğunun göstəricisidir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə