"Türk dünyasının möhtəşəm yüzilliyi qarşıdadır" - HULUSİ KILIÇ DANIŞDI

“Türkiyə yüzilliyi dedikdə əslində, bütün türk dünyası nəzərdə tutulmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Hulusi Kılıç bildirib ki, Mustafa Kamal Atatürk tərəfindən 1923-cü ildə qurulan Türkiyə Cumhuriyyətinin bu il 100-cü ildönümüdür: “Rəcəb Tayyib Ərdoğan 28 may tarixində yenidən prezident seçildi. Bu gün çox önəmli gündür. Çünki həm də Azərbaycanın müstəqiliyinin 105-ci il dönümüdür. Bu səbəbdən 28 may əlamətdar gündür. Türkiyə üçün yeni 100 illiyə keçid ərəfəsində qeyd etmək lazımdır ki, Rəcəb Tayyib Ərdoğan əvvəlkindən daha güclü şəkildə, yenidən beş illik prezidentlik fəaliyyətinə başlayır. Türk xalqı Ərdoğanın vəzifəsini davam etməsini istəyir.

Prezident Ərdoğan 21 ildir ki, hakimiyyətdir. 2002, 2003, 2014-cü illərdə baş nazir, 2014-cü ildən bu günə qədər isə prezident kimi xalqa xidmət etmişdir. Bu il seçkilər xüsusən fərqlənirdi. Çünki türk seçicisi həm daxili müxalifətə, həm də qərb müxalifətinə qarşı səs verdi. Prezident Ərdoğana gələn təbrik mesajlara baxdığımız zaman nə qədər əhəmiyyətli seçkilər olduğunu daha aydın görə bilərik. Təbii ki, ilk təbrik hər zamankı kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevdən gəldi. Bu seçkilər bütün türk dünyasının seçkiləri idi. Yeni yüz ilə giriş etdik.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını tezliklə gözləyirik. Türk dövlətlər təşkilatının daha da inkişaf etməsi və güclənməsi üçün qarşıda planlar var. Türk dünyası üçün yeni mühit formalaşacaq. Türkiyə yüzilliyi çərçivəsində müdafiə sənayesi daha da güclənərək ilk beş dövlətin arasında yerləşəcək. Dünya ticarətində ən böyük 18 ölkə arasında olan Türkiyə ilk onluğa daxil olacaq. Türk xalqının gəliri artırılacaq. Hazırda bir nəfər üçün on min tl olan gəlir, iyirmi-iyirmi beş min tl ilə əvəzlənəcək. Düşünürəm ki, ən önəmli məqam türk dövlətlərinin dünya siyasətində və ticarətində rolları artmasıdır. Görürük ki, Azərbaycan, Türkmənistan və Qazaxıstan neft və təbii qaz sərvətləri ilə zəngindir. Özbəkistanda isə həm kənd təsərrüfatı, həm də qiymətli mədənləri çoxdur. Türkiyənin startejik önəmli dövlətdir. NATO-nun ən böyük ikinci orduya sahib ölkələrindən biridir. Bundan başqa geniş təcrübələrini digər türk dövlətləri ilə paylaşacaq. Sonra Türk dövlətləri dünyanın siyasi və ticarət proseslərində nüfuzu artması prosesini izləyəcəyik. Türkiyə qardaşları ilə bütün təcrübəsini paylaşacaq. Türkiyənin fəlsəfəsi - bizim olan sizin, sizin olan bizimdir. “Türkiyə yüzilliyi” yalnız “Türkiyənin yüzilliyi” deyil, bütün türk dünyasının yüzilliyidir”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə