Azərbaycan-Qazaxıstan münasibətləri hansı səviyyədədir? - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Bu mənada, Qazaxıstanla münasibətlər də Azərbaycanın xarici siyasətində xüsusi yer tutur. Azərbaycanla Qazaxıstan arasında münasibətlər qədim tarixə malikdir. Eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə, ənənələrə, dil və din eyniliyinə malik iki türk dövlətinin münasibətləri həmişə üst səviyyədə olub. Müstəqilliyin bərpasından sonra isə bu münasibətlər daha da inkişaf edib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb: "2008-ci ilin sentyabrından isə Azərbaycanın Qazaxıstanın Aktau şəhərində konsulluğu fəaliyyət göstərir. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir. Mərkəzi Asiyanın ən önəmli türk ölkələrindən biri olan Qazaxıstanla Azərbaycan beynəlxalq təşkilatlarda da eyni mövqeyi nümayiş etdirir və deyə bilərəm ki, beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür.

Keçən il Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı iki ölkə arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram, strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə, 2022-2025-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlığa dair Proqram, Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üzrə Əməkdaşlıq Planı, hökumətlər arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş, nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, tranzit yükdaşımaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu və digər ümumilikdə 20-dən artıq sənəd imzalanmışdır".

Politoloq sözlərinə belə davam edib: "Eyni şəkildə bu ilin 9-10 aprel tarixlərində Prezident İlham Əliyevin Qazaxıstana səfəri çərçivəsində “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokol”, “Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC ilə “Qazaxıstan Respublikası Prezidentinin Teleradiokompleksi” Qeyri-Kommersiya Səhmdar Cəmiyyəti arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”, “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu arasında elmi və mədəni əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma Memorandumu”, “Azərbaycan Milli Elmlər Akademiyası və Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası arasında elm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qazaxıstan Respublikasının “Otandastar Fondu” arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında anlaşma və əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Heç şübhəsiz ki, bu sənədlər də qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə, iki ölkə arasındakı iqtisadi, ticarət, siyasi, mədəni, nəqliyyat, kommunikasiya, elm, təhsil, xarici siyasət və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinə ciddi töhfələr verəcək.

Bu baxımdan, təbii ki, hər iki ölkənin səfirlərinin də üzərinə böyük məsuliyyət düşür. Mən əminəm ki, Qazaxıstanın Azərbaycanda yeni təyin olunan səfiri Alim Bayel iki ölkə arasında münasibətlərin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi baxımından üzərinə düşən vəzifəni layiqincə yerinə yetirərək sələfi Sercan Abdıkərimovun fəaliyyətini uğurla davam etdirəcəkdir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə