"Mübarizənin bir tərəfində Ərdoğan, digərində Qərb dayanır" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“İlk növbədə onu qeyd edim ki, AKP hakimiyyətə gəldiyi son 20 il müddətində heç vaxt indiki qədər ciddi müqavimətlə üz-üzə qalmayıb. Bildiyiniz kimi, bugünkü gündə Rəcəb Tayyib Ərdoğanı prezidentlik kürsüsündən yola salmaq üçün Türkiyədə “Altılı masa” adlı koalisiya formalaşdırılıb. Bu koalisiyanın formalaşması müxalifət liderinin reytinqinə müsbət mənada təsir edib. Hətta bəzi agentliklərin keçirdikləri sosial sorğuların nəticələrinə inansaq, söyləyə bilərik ki, bir sıra hallarda Kamal Kılıçdaroğlu öz rəqibi Rəcəb Tayyib Ərdoğanı cüzi faiz dərəcəsi ilə də olsa üstələyə bilib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib.
Onun sözlərinə görə, bu sorğuların nəticələri, eyni zamanda Türkiyədə müxalifətin birləşməsi 14 may tarixində Türkiyədə keçiriləcək seçkilərə hər kəsin diqqətini cəlb edəcək: “Əslində, bu mübarizə Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu arasında gedirmiş kimi görünsə də, elə hesab edirəm ki, tərəflərdən biri Qərb, xüsusilə də ABŞ-dır. Cozef Baydenin ABŞ prezidenti olan zaman seçki kampaniyasında belə bir fikir səsləndirmişdir ki, əgər mən prezident olacamsa, Türkiyə müxalifətinə Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdən getməsi üçün əlimdən gələn dəstəyi verməyə hazıram. Bu fikrin özü də təsdiqləyir ki, 14 mayda keçiriləcək seçkilərdə bir tərəfdə Rəcəb Tayyib Ərdoğan dayanırsa, digər bir tərəfdə Qərb dayanır.
Bununla belə mənim təhlillərimə əsasən, bu seçkinin də qalibi Rəcəb Tayyib Ərdoğan olacaq. Belə ki seçki tarixinə qədər hələ müəyyən vaxt var. Nəzərə alsaq ki, siyasət üçün 24 saatın özü də böyük bir nəticədir, bu müddət ərzində hər an vəziyyət dəyişə bilər”.
Politoloq sözlərinə davam edərək bildirib ki, Ərdoğanın kifayət qədər seçki təcrübəsi var və öz rəqibindən fərqli olaraq seçki texnologiyasını daha yaxşı bilir: “Bundan əlavə onun manevr etmək imkanları daha genişdir. Bu komponentləri nəzərə alsaq, bu seçkini Rəcəb Tayyib Ərdoğanın qalibiyyətlə başa çatdıracağına inanıram. "Altılı masa" koalisiyası formalaşsa da, onlar hələ daşları tam olaraq yerinə oturda bilməyib. Müxalifət, xüsusilə də Kamal Kılıçdaroğlu ciddi cəhdlə can atır ki, HDP-nin səslərini özünə yönləndirsin. HDP də buna razılıq verib. Amma əminəm ki, HDP koalisiyanın qarşısında hər hansı bir şərt qoyacaq. "Altılı masa"nın o şərtləri qəbul edəcəyini düşünmürəm. Ona görə də böyük ehtimalla 14 may tarixinə kimi "Altılı masa" ya ümumilikdə parçalanacaq, ya da hər hansı biri qopmalı olacaq. Bu da Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi üçün müsbət rol oynayacaq.
Bu bir danılmaz həqiqətdir ki, bu gün heç bir dünya ölkələrinin bir-biri ilə qura bilmədiyi əlaqələri Azərbaycan və Türkiyə qurub. Bu şəraitin yaradılmasında Azərbaycan Prezidenti İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan kimi iki böyük şəxsiyyətin adını xüsusi qeyd etməliyik. Bu iki liderin şəxsi münasibətləri fonunda dövlətlərarası münasibətlər də formalaşdı. Kamal Kılıçdaroğlu hakimiyyətə gəlsə, bu əlaqələr daha da dərinləşəcəyini düşünmürəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə