"Ərdoğanın seçkilərdə qalib gəlməsi..." - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ

“Qardaş Türkiyədə keçiriləcək prezident seçkilərinin nəticəsi nəinki Türkiyə, ümumilikdə türk dünyası üçün böyük önəm daşıyan məsələdir. Bu mənada qarşıdakı seçkilərdə Türkiyənin və ümumilikdə türk coğrafiyasının gələcək taleyi müəyyənləşəcək”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.

Onun sözlərinə görə, elə bu səbəbdən də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın növbəti seçkilərdə qalib gəlməsi şərtdir: “Hesab edirəm ki, Türkiyə vətəndaşları bu reallığı düzgün qiymətləndirir və seçkilərdə cənab Ərdoğana etimad göstəriləcək. Sirr deyil ki, Türkiyə son illər Ərdoğanın liderliyi ilə böyük inkişaf mərhələsi keçib və dünya gücünə çevrilib. Belə olan halda, qardaş ölkənin daha da inkişaf etməsi, dünyada söz sahibinə çevrilməsi prosesi sürətlənməlidir”.

S.Kərimli sözlərinə davam edərək bildirib ki, Türkiyənin inkişafına mane olmaq, artan gücünü zəiflətmək planları daim olub və bu gün də var: “Əksər Qərb dairələri uzun müddətdir ki, bu plan üzərində işləyir. Əsas hədəf Türkiyə iqtisadiyyatını zəiflətmək və Ərdoğan iqtidarını devirməkir. Hesab edirəm ki, həmin dairələrin planları yenə alt-üst olacaq. Çünki, Ərdoğan iqtidarının xalq arasındakı dayaqları sağlamdır. Türkiyənin qüdrətli olması Azərbaycan üçün də çox önəmlidir. Düşünürəm ki, Azərbaycan ictimaiyyəti də prezident seçkilərində Ərdoğanın qalib gəlməsini arzu edir və bunu türk dünyasının gələcəyi üçün növbəti şans kimi dəyərləndirir. Çünki, Ərdoğan iqtidarı qardaş ölkəni daha qüdrətli gələcəyə doğru aparır”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə