Rəsmi Bakının bəyanatları qüvvədədir! ANALİTİK

Azərbaycan bayrağının Xanəndidə dalğalanmasına doğru gedən proses hazırda da davam etməkdədir

Azərbaycanın Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələri qanunsuz fəaliyyətlərini davam etdirmələri ilə bağlı yaydıqları bəyanat bir daha sübut edir ki, reallıqda yalnız Ermənistan deyil, eləcə də üzərlərində məsuliyyət daşıyan RSK da 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın tələblərini pozur. Əbəs deyil ki, sözügedən bəyanatlarda qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsi, habelə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi kimi faktlar dərhal müəyyən edilərək diqqətə çatdırılıb və xüsusilə vurğulanıb ki, üçtərəfli Bəyanatın kobud şəkildə pozulması regiondakı həssas vəziyyətin hər an pozulmasına səbəblər yaradır.

Ermənistan-RSK-Qarabağ separatçıları triosu elə sanırdılar ki, bu bəyanatlar, xəbərdarlıqlar elə kağızda da qalacaq

Daha dəqiq desək, sülhməramlı kontingentin üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi Azərbaycanın operativ tədbirlər görməsi tələbini şərtləndirir. Açığını desək, hazırkı zamana qədər bənzər halların yaşanması ilə bağlı rəsmi Bakının xəbərdarlıqlarına əhəmiyyət verməyən Ermənistan-RSK-Qarabağ separatçıları triosu elə sanırdılar ki, bu bəyanatlar, xəbərdarlıqlar elə kağızda da qalacaq. Amma göründüyü kimi, kökündən yanıldılar – Qarabağ Azərbaycandır şüarının əbədi olaraq gündəmdə olması, həmçinin, Azərbaycan Ordusunun düşmənin məkrinə qarşı daim barmağının tətikdə olması sözügedən situasiyanın dəyişməsi ilə nəticələndi.

Baş verə biləcək tələfata görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür!

Adıçəkilən torpaq yol artıq Azərbaycan Ordusunun tam nəzarətindədir və düşmən bir daha özbaşınalıqlara yol verə bilməyəcək. Buna cəhd etdiyi halda isə sərt və qətiyyətli cavab;nı alacaq. O cümlədən, Azərbaycan bayrağının Xanəndidə dalğalanmasına doğru gedən proses hazırda da davam etməkdədir. O da əbəs deyil ki, MN və XİN-nin bəyanatlarında son olaraq bildirilir ki, bu kimi təxribatlar və qanunsuz fəaliyyətlər nəticəsində baş verə biləcək tələfata görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür!

Beləliklə, istər erməni tərəfinin inadkarlığı və işğalçılıq siyasətindən əl çəkmək istəməməsi, istərsə də RSK-nın açıq-aşkar havadarlığı növbəti lazımi tədbirlərin görülməsinin nə qədər zəruri olduğunu bir daha isbatlamaqdadır.

Bəs ehtimallar nədir? Sonrakl proseslər necə inkişaf edə bilər? Bildiyimiz kimi, mövqe dəqiqləşdirmələrindən sonra, yəni Xankəndi-Xəlfəli-Turşu torpaq yolu şanlı Ordumuzun nəzarəti altına keçdikdən sonra RSK ötən ildə olduğu kimi - Fərrux, Daşbaşı kimi uğurlu əməliyyatlarımızın ardınca mövqelərimizdən geri çəkilməyimiz üçün canfəşanlıq nümayiş etdirdi. Ancaq bu canfəşanlıqlar söz yox ki, nəticəsiz qaldı – bu gün də həmin yüksəkliklərdə Azərbaycan bayrağı dalğalanır. Yeri gəlmişkən, məhz RSK-nın absurd davranışları mövcud vəziyyətin yaranmasına səbəblər verdi. Eləcə də, bu toraq yolunu tam şəkildə nəzarətdə saxlayan ərazilərimizdə də sancılan bayrağımız təbii ki, yerindən tərpənməyəcək və bu gün qürurla Xankəndiyə tərəf əsən küləklə birgə dalğalanmaqdadır.

Moskva Arutyunyana hansı tapşırıqları verib?

Bu günlərdə isə məlum olub ki, Qarabağdakı qeyri-qanuni silahlılar “təhlükəsiz keçidi” özləri “təmin” edəcəklərmiş (?!)/ Daha dəqiqi, erməni maşınlarını ermənilərin özləri müşahidə edəcəklər və s.

Və əgər bu yolla hər hansı erməni həbri kolonu bir daha keçməyə səy göstərərsə, üstəlik, onları silahlı “boyeviklər” də müşahidə edərsə, onda söz yox ki, Azərbaycan Silahlı Qüvvələri dərhal və amansız şəkildə qarşılıqlı reaksiya göstərməli olacaqlar. Yəni rəsmi Bakı suveren ərazilərdə terrorçuların əl-qollarını sallayaraq istədikləri hərəkətlərinə oturub-baxmaq fikrində deyil. Bəli, erməni tərəfi müxtəlif təxribatlara əl atacaq ki, vəziyyət daha da gərginləşsin, habelə Xankəndidə “ac qalan” separatçılara görə Bakıya qarşı ittihamlar da artmağa başlayacaq, hətta beynəlxalq aтlaşma səhnələri də qurulacaq, amma bu, heç nəyi dəyişməyəcək.

Bu arada, erməni KİV-ləri də açıq-aydın yazıblar ki, separatçıların qondarma “prezidenti” Araik Arutyunyan yaxınlarda Moskvadan Xankəndiyə geri dönüb. Rusiyanın bəlli dairələrindən tapşırıqlar alan baş separatçı dərhal yaxın ətrafını tolayaraq “növbəti planları” barədə müzakirələr aparıb. Qeyd edildiyinə görə, onun istefası məsələsinə də toxunulub və bu məsələnin gündəmdən çıxarıldığı bildirilir. Erməni mediasının yazdığına görə, Arutyunyan maksimal qaydada silahlanmaq tapşırığını da verib. Bu olay isə martın 24-dən əvvəlki vaxtlara təsadüf edib. Məhz bundan sonra adıçəkilən torpaq yolla avtomobillərin sürəkli hərəkətləri qeydə alınıb.

O cümlədən, Azərbaycan rəhbərliyinin artıq ikinci dəfə Qarabağ ermənilərinə Bakıda görüş keçirmək və reinteqrasiya haqqında verdiyi təklifin qəbul edilməməsini də xatırlasaq, Arutyunyanın silahlı qarşıdurmaya gedəcəyini istisna edə bilmərik. Görünür, onlar özlərinə “böyük qardaş” hesab etdikləri tərəflərə hələ də ümid bəsləyirlər. Amma unudurlar ki, belə ümidləri 2020-ci ilin 27 sentyabrına qədər də var idi, fəqət bu ümidləri elə ümid kimi də məhv oldu. Azərbaycanın Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin bəyanatları isə qüvvədədir!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə