Ölkəmizin coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsidir - ŞƏRH

Məlumdur ki, noyabrın 25-də Bakıda, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı eləcə də Prezident İlham Əliyevin iştirakı ilə keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Bu mötəbər tədbirdə ABŞ, Böyük Britaniya, İsrail, Rusiya, Fransa, Pakistan, Kanada, İtaliya, Belçika, İsveçrə, Bolqarıstan, Gürcüstan, Misir, Polşa, Rumuniya və qardaş Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və tanınmış nümayəndələri iştirak edirdilər. Cənab Prezident Cənab İlham Əliyevin “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışı və bir sıra diplomatların, ekspertlərin, elm mərkəzlərinin nümayəndələrinin suallarına verdiyi qətiyyətli və açıq cavabları Ermənistan və onun havadarlarına, ümumiyyətlə dünya ictimaiyyətinə bir mesaj idi.

Cənab Prezident bildirdi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni mərhələyə qədəm qoymuşdur. Bu gün Avropa İttifaqı ölkəmizin çox mühüm tərəfdaşıdır. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında vasitəçilik missiyasını həyata keçirmək istəyən Minsk qrupu artıq mövcud deyil və dəfn olunmuş qurumdur. Azərbaycan bu missiyanı öz üzərinə götürmüş Avropa İttifaqının səylərini yüksək qiymətləndirir. Brüsseldə Avropa Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə bir neçə dəfə Azərbaycanla Ermənistan arasında səmərəli görüşlər keçirilmişdir. Oktyabrın 6-da Praqada Avropa İttifaqı və Fransa Prezidentinin iştirakı ilə dördtərəfli görüş keçirildi. Həmin görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan etdi. Lakin həmin görüşdən bir həftə keçməmiş Fransa Prezidenti Makron Azərbaycana qarşı qərəzli bəyanatla çıxış etmişdir. Bundan sonra Fransa Senatı da Azərbaycana qarşı qərəzli, böhtan xarakterli qərar qəbul etdi. Fransa işğalçılıq siyasəti həyata keçirən Ermənistanın mövqeyini müdafiə etdiyinə görə heç bir halda vasitəçilik mövqeyindən çıxış edə bilməz. Minsk qrupunun həmsədrlərindən olan nə Rusiya, nə də ABŞ rəsmən bu günə qədər tərəf tutmamışlar. Dekabrın 7-də Brüsseldə keçirilməli olan növbəti görüşdə Paşinyan Makronun iştirak etməyəcəyi təqdirdə görüşə qatılmayacağını bildirmişdi. Bu, bir daha Paşinyanın acizliyinin, sərbəst qərar qəbul etmək iqtidarında olmadığının nümunəsidir. Fransa ancaq Ermənistanın maraqlarını müdafiə etdiyi üçün özü vasitəçilik missiyasının üstündən xətt çəkmiş oldu. Məhz Fransa və Ermənistanın təxribat dolu hərəkətləri səbəbindən dekabrın 7-də keçirilməsi nəzərdə tutulan görüş baş tutmayacaq.

Prezident İlham Əliyevin dönə-dönə vurğuladığı kimi, həqiqətən, iqtisadi müstəqillik və təhlükəsizlik təmin olunmadan, ölkələrin siyasi müstəqilliyini qorumaq xeyli çətinləşir. Dünyanın aparıcı beyin mərkəzləri də hesab edirlər ki, bu cür təhlükələri minimuma endirmək, iqtisadi asılılığı işğal və ilhaq siyasətinin alətinə çevirmək istəyən ölkələrin qarşısında dirəniş göstərmək üçün, beynəlxalq hüququn icrasına münasibət kökündən dəyişilməli və imperativ xarakterli yeni beynəlxalq icra mexanizmləri yaradılmalıdır. Bu, nə qədər mürəkkəb proses olsa da, görünən odur ki, qaçılmazdır. Dünya analitiklərinin digər qənaəti isə ondan ibarətdir ki, mövcud təhlükələrə baxmayaraq, dünyanın təkamül prosesi və əhalinin rifah halının yaxşılaşdırılması, yoxsulluq səviyyəsinin aşağı salınması yenə də iqtisadi inteqrasiya proseslərinin daha da dərinləşməsindən, qitələrin bir-birinə iqtisadi cəhətdən daha çox yaxınlaşmasından keçir.

Bununla yanaşı, hansısa ölkənin çoğrafi yerləşmə üstünlüyü və təbii sərvətlər potensialı hələ o demək deyil ki, həmin ölkənin geoiqtisadi layihədə iştirak etmək təşəbbüsünə dünya gücləri, bütün ölkələr eyni səviyyədə etimad göstərəcək və ya dəstək verəcək. Bunun üçün siyasi iradə ilə yanaşı, ölkədaxili nəqliyyat və logistika infrastrukturunun hazırlıq səviyyəsi də zəruri şərtdir. Möhtərəm Prezidentimiz bildirdi ki, Azərbaycan coğrafi cəhətdən Avropanı Asiya ilə birləşdirən bir ərazidə yerləşir. İki qitənin dəmir yolu, avtomobil yolu ilə birləşdirilməsi istiqamətində Azərbaycan böyük infrastruktur layihələri reallaşdırmışdır. Cənab İlham Əliyevin təşəbbüsü ilə 5 il bundan öncə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropadan Asiyaya və əks istiqamətdə yük daşımalarının həcmi hər il artmaqdadır. Azərbaycan Şimal - Cənub, Şərq - Qərb nəqliyyat marşrutlarının mərkəzində yerləşir, ölkəmiz bu marşrut xətlərini birləşdirən nəhəng bir logistika infrastrukturu yaratmışdır. Cənub Qaz Dəhlizinin tərkib hissələrindən olan TAP və TANAP qaz boru xətləri vasitəsilə artıq iki ilə yaxındır ki, Azərbaycan qazı Avropaya ixrac olunur. Yaxın illərdə Azərbaycandan Avropaya hər iki boru xətti vasitəsilə ixrac ediləcək qazın həcminin 2 dəfə artırılması üçün Azərbaycanla Avropa Komissiyası arasında bu ilin iyun ayında Anlaşma Memorandumu imzalanmışdır. Bununla da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol daha yüksək səviyyəyə qaldırılacaq.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi daxili siyasət nəticəsində reallaşan uğurlu layihələrin əsas amillərindən biri hakimiyyət - xalq birliyi səbəbindən mövcud olan sabitlikdir. Dövlət başçımızın uğurlu, müdrik siyasəti, peşəkar, diplomatik bacarığı nəticəsində Azərbaycan bir çox dövlətlərlə iqtisadi, siyasi sahələrdə dost münasibətlər qurmuşdur ki, bunun da sayəsində ölkəmizin güclü dövlətə çevrilməsi reallaşmışdır.

Arzu Əliyeva
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə