Qələbələrimizi şərtləndirən AZƏRBAYCANÇILIQ İDEYASI - TƏHLİL

Vətənpərvərlik, eləcə də dövlətçilik kimi təməllərə söykən Azərbaycançılıq ideyası yeni yaranan anlayış olsa da onun mahiyyətinin, konseptual tərəflərinin məhz tədqiqatçılar, ictimai xadimlər tərəfindən şərh edilməsi göstərir ki, bu ideyanın təbliği vacib, həm də aktualdır. Azərbaycançılıq ideyası ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin, milli maraqlarının, eləcə də dünya azərbaycanlılarının ümumi maraqlarının qorunmasını, bununla yanaşı, həm də mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, doğma dilimizi yaşatmağı aşılayan ideyadır və məhz buna görə də təbliği bizim üçün vacib hesab olunur.

Bizə, yəni, xalqımıza, ölkəmizə, dövlətimizə məxsus olan dəyərlərin, maraqların müdafiəsində hər birimiz maraqlı olmalıyıq və bu bizim vətəndaşlıq borcumuzdur, hansıki bunun elə özü Azərbaycançılıq ideyasının qayəsini, əsasını təşkil edir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycançılıq ideyası təkcə respublikamızın, ölkəmizin hüdudlarında yaşayan azərbaycanlıların ideyası hesab oluna bilməz. Bu, həm də dünyanın istənilən ölkəsində yaşayan, məskunlaşan soydaşlarımızın ideyası olmalıdır. Dünya azərbaycanlılarının vətənimiz, milli maraqlarımız, ali dəyərləimiz naminə təşkilatlanması, bunun üçün də onların mədəni və mənəvi əlaqələrinin inkişaf etdirilməsi baxımından Azərbaycançılıq ideyası olduqca vacibdir. Azərbaycançılıq ideyası bizim milli maraqlarımızın, dəyərlərimizin müdafiəsi, eləcə də azərbaycanlılarının ümumi maraqlarının qorunmasını baxımından həm də əvəzsizdir. Ona görə də ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızın öz aralarında, eləcə də onların ölkəmizlə əlaqələrinin möhkəmlənməsi, bu əlaqələrinin daha da yaxşılaşdırılması Azərbaycan dövlətinin xüsusi diqqət mərkəzindədir. Məhz bu istiqamətdə dövlətimiz tərəfindən göstərilən dəstək də bu baxımdan tamamilə başadüşüləndir və heç də təsadüfi deyil.

“Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”, deyə bəyan edən Ulu Öndər Heydər Əliyev daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Ümummilli Lider Heydər Əliyev azərbaycançılıq ideyasına böyük önəm verirdi və ona görə də azərbaycançılıq ideologiyasının milli həmrəyliyimizin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görürdü. Etiraf etmək lazımdır ki, elə məhz Ulu Öndər Heydər Əliyevin səyi sayəsində azərbaycançılıq ideyası mahiyyətcə real məzmun daşımağa başladı. Ulu Öndər azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail oldu. Bu baxımdan da cəsarətlə deyə bilərik ki, Azərbaycançılıq ideyasının da yaradıcısı məhz Ulu Öndər Heydər Əliyevdir.

Müstəqil Azərbaycanımızın milli maraqları ətrafında birləşməyi Ümummilli Liderimiz xarici səfərləri zamanı hər zaman tövsiyyə edirdi. Özünün xarici səfərləri zamanı həmin xarici ölkələrdə yaşayan azərbaycanlılarla görüşlər keçirən Ulu Öndər Azərbaycanın milli maraqları, dəyərləri naminə birləşməyin vacibliyini hər zaman vurğulayırdı. Xüsusən də, Ulu Öndər Heydər Əliyev, 2001-ci ildə keçirilmiş və dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərmizin dəvət olunduğu Dünya Azərbaycanlılarının I Qurultayında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması kimi vəzifələri dünya azərbaycanlılarının qarşısında qoydu. Bundan əlavə, 2002-ci ildə Ulu Öndər “Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin yaradılması barədə” Fərman imzaladı. Əlbəttə ki, məqsəd müxtəlif xarici ölkələrdə yaşayan azərbaycanlılarla koordinasiya olunmuş fəaliyyəti təmin etmək və bu sahədə dövlət siyasətini həyata keçirmək idi. Ümummilli Lider Heydər Əliyev bu istiqamətdə məhz öz fəaliyyəti ilə bunun öhdəsindən layiqincə gəldi. Ona görə bu qənaətdəyik ki, Ulu Öndər tərəfindən əsası qoyulan bu ideologiya, Azərbaycançılıq ideyası dünyada yaşayan soydaşlarımız arasında milli birlik və həmrəylik yarada bilib, haqq səsimizin dünyaya çatdırılmasında əvəzsiz olubdur.

Bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək, birləşdirmək üçün Azərbaycançılıq ideyası əvəzsizdir. Çünki milli mənsubiyyətindən, harada məskunlaşmasından, hansı ölkədə yaşamasından asılı olmayaraq, özünü azərbaycanlı hesab edən hər bir insan üçün azərbaycançılıq, ilk növbədə, möhkəm istinad mənbəyi, ideoloji bünövrə olaraq qəbul edilir. Azərbaycançılıq ideyasının gücünü, nəyə qadir olduğunu, milli birliyin, həmrəyliyin qüdrətini 44 günlük Vətən müharibəsində hər birimiz çox yaxşı müşahidə etdik. Bunu tək biz yox, bütün dünya ictimaiyyəti gördü. Məhz bizim birliyimizin, həmrəyliyimizin, Azərbaycançılıq ideyasının qələbəyə nail olmağımızda əsas, həlledici rol oynadığına hamı şahid oldu. Ona da hər kəs şahid oldu ki, qazandığımız qələbə, torpaqlarınızın işğaldan azad edilməsi dünyanın harasında, hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıya qürur hissi yaşatmaqdadır. Çünki hər kəs gördü və başa düşdü ki, bütün dünya azərbaycanlılarının milli iftixar yeri olan bir Vətəni var və bu, Azərbaycandır. Hər kəs əmin oldu ki, bizi məhz azərbaycançılıq ideyası həmin Vətən uğrunda birləşdirir və daha da güclü, qüvvətli, qüdrətli edir.

Dünya ictimaiyyəti 44 günlük savaş dövründə gördü ki, xalqımız, məhz azərbaycançılıq ideologiyasına sadiq qalaraq, Vətən sevgisi, torpaqlarımızın bütövlüyü uğrunda birləşərək, Azərbaycanın ərazilərini işğaldan azad etdi, işğala son qoydu. Gördü və əmin oldu ki, Azərbaycançılıq ideyası, vətən sevgisi bizi birləşdirdi, həmrəyliyimizi təmin etdi və düşmən üzərində qələbəmizə ən qısa zamanda nail olduq, Zəfər qazandıq. Azərbaycançılıq ideyası sayəsində bütün dünya azərbaycanlıları məhz Azərbaycanın haqq səsinə səs verdi. İndi artıq hər kəs əmindir ki, azərbaycançılıq ideyası xalqımızın birliyini, həmrəyliyini, qələbələrimizi və uğurlarımızı şərtləndirir...

Müəllif: İnam Hacıyev

6.3.9. Azərbaycançılıq ideyasının təbliği”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə