Qarabağdan əl çəkəcəksiniz - KÖŞƏ

İndi Ermənistanda iki qruplaşma var. Biri həm Azərbaycan, həm də Ermənistanın tarixini bilib xalqını da sevənlər, digəri isə yenə də bu tarixləri gözəl bilib, lakin xalqını sevməyənlərdir. Birinci qruplaşma deyir ki, “Qarabağdan əl çəkəcəyik və Ermənistanı xilas edəcəyik”. İkinci qruplaşma isə deyir ki, biz Qarabağdan əl çəkməyəcəyik. Bu halda təbii ki, xalqını da düşünmür, onun başına gələcək fəlakətləri də. Hansı ki, xalq belələrinin üzərinə hələ 44 günlük müharibə dövründən qalxıb və Azərbaycan və Ermənistan tarixlərini bilənlərin tərəfində dayanıb, deyib ki, Qarabağ Azərbaycan ərazisidir, əl çəkin Qarabağdan, balalarımızı qırğına verməyin.

Lakin kimdir onları dinləyən. Bu qruplaşmadakıların bədnam erməni xisləti həqiqəti görən gözlərini kor edib və onlar sonadək “Qarabağ, Qarabağ” deməklə yenə də xalqlarını təhlükə qarşısında qoymaq fikrindədirlər. Bilə-bilə ki, səhrədlər haradan başlayır, harada bitir, yenə də xislətlərindən əl çəkmirlər.

Bu günlərdə sosial şəbəkələrdə belə bir faktla rastlaşmağımız dediklərimizi bir daha təsdiqlədi: “Paşinyan hökuməti xarici maraqlara nail olmaq üçün Ermənistanı alver obyektinə çevirib”. Bunu jurnalistlərə müsahibəsində Robert Köçəryana yaxınlığı ilə bilinən, erməni deputat İşxan Saqatelyan deyib. O, Nikol Paşinyanı ikiüzlülükdə suçlayıb: “Bu, Brüsseldə, Vaşinqtonda bir söz, Moskvada isə başqa söz söyləmək, ölkəni geosiyasi mərkəzlər arasındakı ziddiyyətlərdə alver obyektinə çevirmək deməkdir.

Gecələr “Haykakan Jamanak”da, gündüz “Twitter”də, axşamlar qapalı otağa girib tamam başqa şeylər yazacaq. Beləcə, əyalət dələduzluğu ilə ölkəni geosiyasi mərkəzlərin kiçik oyuncağına çevirirlər”, - deyə Saqatelyan bildirib.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Ermənistana səfərinə gəlincə, müxalifətçi deyib: “Belə bir vəziyyətdə hamı Ermənistandan öz payını almaq istəyir. Nikolun təklifi və guya beynəlxalq dəstək proqramı Qarabağın təslim edilməsidir ki, bu da Ermənistan dövlətçiliyinin itirilməsinə gətirib çıxaracaq. Qarabağdan əl çəkəcəyik və Ermənistanı xilas edəcəyik deyənlər erməni xalqının satqınlarıdır”.

İşxan Saqatelyan kimiləri bu cür yanaşmaları və iddiaları ilə nə üçün qızışdırıcı mövqe tuturlar, nə üçün erməni xalqının rahat yaşamasına mane olurlar, anlamıram. Nikol Paşinyan görünür ki, tarixi gözəl bilir, Qarabağın Ermənistanla əsla əlaqəsi olmadığınmı nəhayət ki, dərk edir və kənara çəkilməklə xalqını daha da qırğına vermək istəmir.

Bəs siz nə istəyirsiniz? “Qarabağın itirilməsi nə üçün Ermənistanın da itirilməsinə gətirib çıxaracaq” kimi fikirlər irəli sürürsünüz. Ermənistan cəhənnəmə itsin, məsələ bunda deyil. Qurduğunuz cümlə tamamilə səhvdir, bax, məsələ bundadır. Nə üçün dərk etmək istəmirsiniz ki, artıq Qarabağla sizin heç bir əlaqəniz qalmayıb. Qarabağ Azərbaycan torpağıdır, 30 il həyasızlığınıza salıb zəbt etmişdiniz. Sahibi gəldi və başınıza döyüb onu sizdən aldı. 44 günlük müharibədə sizli-bizli minlərlə insan həyatını itirdi. Sağlamlığını itirdi. İndi bəs nə istəyirsiniz? 44 gündə yaşadıqlarınızı yenidən yaşamaq istəyirsiniz?

İnsanda abır-həya doğrudan da çox yaxşı haldır. Lakin görünür, sizlərdə bundan əsla əsər-əlamət yoxdur. Bilirik, məğlubiyyət sizi çox narahat edir, bunu əsla həzm edə bilmirsiniz. Lakin anlamağın həm vaxtı, həm də zamanı çatıb. Anlayın ki, Qarabağ sizə məxsus deyil, olmayıb, olmayacaq da. Geç, ya tez Qarabağdan fikrən də əl çəkəcəksiniz. Ermənistan Qarabağsız var olsa da, yox olsa da. Bunu yaxşı anlayırsınız. Lakin xislətinizi yerə qoymaq niyyətiniz yoxdur. Yaşayarıq, görərik dediklərinizin reallıq dərəcəsini.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə