Qazilərin 27 sentyabr xatirələri - SORĞU

27 sentyabr 2020-ci il tarixində səhər saatlarında Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. 44 gün gedən döyüşlər nəticəsində Azərbaycanın igid oğullarının göstərdiyi şücaət nəticəsində 30 il düşmən taptağında qalan torpaqlaırmız işğaldan azad olundu. Bununla 27 sentyabr Azərbaycan xalqının tarixində ən önəmli və şərəfli günlərdən birinə çevrildi. 44 günlük Zəfər yolunda şəhidlərimiz və yaralılarımız oldu.

Mövzu ilə əlaqədar SİA olaraq 44 günlük müharibədə öz canından keçməyə hazır olan, eyni zamanda torpaqlarımızın bütövlüyü uğrunda öz sağlamlıqlarından keçən qazilərimizin bu günlə bağlı xatirələrini, yaşadığı hissləri öyrənmək məqsədilə onlar arasında sorğu keçirdik.

Vətən müharibəsi iştirakçısı Çingiz Abdullayev: “"27 sentyabr II Vətən Müharibəsi zamanı cənab Prezidentin qismən səfərbərlik elan etməsindən sonra döyüş bölgəsinə getdim. Hadrut və Şuşa şəhərinin azad olunmasında iştirak etmişəm. XTQ-nin tərkibində döyüşmüşəm. 2-ci Vətən müharibəsi xalqımızın 30 illik Vətən həsrətinə son qoydu. Doğma Qarabağ və Şərqi Zəngəzur əsl sahiblərinə qayıtdı. Allah şəhidlərimizə rəhmət eləsin, qazi qardaşlarıma şəfa versin”.

Vətən müharibəsi iştirakçısı Turab Allahverdiyev: “27 sentyabr bizim üçün ən kədərli, eyni zamanda da qürurverici günlərdən biridir. Ona görə kədərlidir ki, biz bu günlərdə igid oğullarımızı itirmişik. Lakin bununla yanaşı biz 30 illik işğal altında olan torpaqlarımızı düşən tapdağından aldıq. Əziz qardaşlarımız bizim uğrumuzda canlarından keçdilər. Allah onların hər birinə rəhmət eləsin. Şəhidlərimizin yaxınları, övladları bizim əmanətimizdir.

44 günlük Vətən müharibəsində işğaldan azad edilən torpaqlarımıza artıq vətəndaşlarımızın gedişi təmin olunub. Artıq insanlar öz dədə-baba yurdlarına qayıdacaqlar. Cənab Ali Baş Komandanın qaldırdığı "Dəmir Yumruğ"u biz aşağı endirmədən, düşmənə qalib gəldik. Ali Baş Komandan qeyd etdiyi kimi biz onları "iti qovan" kimi qovduq. Bu gün güclü Azərbaycan ordusunun əldə etdiyi yüksəkliklərdə Azərbaycan bayrağı dalğalanır. Biz yenə də lazım olsa canımızı vətənimiz yolunda fəda etməyə hazırıq. Cənab Ali Baş Komandanımız yenidən çağırış etsə biz yenidən silaha sarılaraq cani düşməni darmadağın edəcəyik”.

Vətən müharibəsi iştirakçısı Rəfael Nuriyev: “27 sentyabr Azərbaycanın tarixində qızıl həriflərlə qeyd olunub. Biz məhz bu gündən başlayaraq torpaqlarımızı işğaldan azad etməyə başladıq. İki il bundan öncə Ali Baş Komandan 27 sentyabrda gözlənilən irəli komandasını verdi. Bizdə tapşırıqlara uyğun olaraq əsas yüksəklikləri azad etmək uğrunda fəaliyyətimizi həyata keçirdik. Bununla da qələbənin təməlini qoyduq. Daha sonra elə bir zaman gəldi ki, bizim yanımızdakı yoldaşlarımız yaralanıb, şəhid oldular. Mən o an hiss elədim ki, bizim bu yoldan dönüşmüz yoxdur, ancaq irəli getmək lazımdır. Şükürlər olsun ki, 44 günlük mübarizədən sonra Azərbaycan öz əbədi və əzəli torpaqlarına qovuşdu. Ona görə də biz bugünü kədərli yox, qürur hissi ilə qarşılamalıyıq. Düzdür, mən özümdə hazırda Şəhidlər Xiyabanından gəlirəm. İnsan hislərini cilovlaya bilmir.

"Dəmir Yumruq" hər zaman yerindədir. Nə zaman lazım olarsa o yumruqdan istifadə edərək düşməni peşman edəcəyik. 27 sentyabrda başlanan zəfər marşı 10 noyabrda onların məğlubiyyəti ilə nəticələndi. Lakin ermənilər yenə də öz xislətlərindən əl çəkməyərək təxribatlar törədirlər. Onlar bilməlidilər ki, Azərbaycan əsgəri nəyin bahasına olursa-olsun öz torpaqlarını vahid şəkildə qoruyub, saxlayacaq”.

Vətən müharibəsi iştirakçısı Vaqif Cəbrayılov: “Bu tarix Azərbaycan xalqının oyanış günüdür. Biz bu günlərdə 30 ildir düşmən tapdığında qalan torpaqlarımızı işğaldan azad etmişik. İllərdir işğalda qalan torpaqlarımız məhz 44 gün ərzində öz sahibinə qayıtdı. Biz zəfər çalaraq ədaləti bərqərar etdik. Bizdə cənab Prezidentimizin "Dəmir Yumruq" əməliyyatına qoşulduq. Xalqımız, millətimiz, ordumuz vahid cəbhədə birləşərək düşmənin başını əzdik. Mən Murov dağdan başlayaraq Xocavənd, Cəbrayıl, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Murov dağda sağ gözümdən partlayış nəticəsində ağır şəkildə yaralanmışam. Şuşa istiqamətində gedən döyüşlərdə iştirakım zamanı atılan top mərmisinə görə də qolumdan yaralandım.

Döyüşlərdə göstərdiyim şücaətə görə bir sıra medallarla təltif olunmuşam. 3-cü qrup əliliyimə görə ehtiyata buraxılmışam. Lakin ehtiyatda olsam belə hər zaman cənab Prezidentin, dövlətin və millətin arxasında dayanmışam”.

Vətən müharibəsi iştirakçısı İbrahim Həsənov: “Mən Aprel döyüşlərində eyni zamanda da 2-ci Qarabağ müharibəsində iştirak etmişəm. Biz 44 günlük müharibə də düşmənə öz gücümüzü sübut etdik. 30 illik qara ləkəmizi biz 44 günə sildik. Ermənilər hər zaman öz təxribatları ilə gündəmdə olub. Biz onlara nə qədər güzəştə getsək də, bu münaqişəni sülh yolu ilə həll etmək istəsək də, onlar bunu anlamadılar.

Mən Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Bizi Cəbrayıl istiqamətində döyüşəndən sonra Füzuliyə göndərdilər. Cəbrayıl, Füzuli, Hadrut istiqamətində çətin döyüşlər oldu. Çünki erməni postları həmin ərazilərdə çox idi. Düşmənində etiraf etdiyi kimi bizim igidlərimiz vurulsa da, qorxmadan, çəkinmədən onların üstünə gedirdik. Mən oktyabrın 16-da Füzulidə yaralandım. Özüm Füzuli rayonundan olduğu üçün həmin yerlərin azad olunmasında iştirak etdiyim üçün böyük qürur hissi keçirirdim. Bu günümüzə şükürlər olsun ki, dədə-baba yurdumuzu geri qaytarmaq bizə nəsib oldu. Allah şəhidlərimizə rəhmət, qazilərimizə can salığı versin. Qarabağ Azərbaycandır".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə