Zəfər salnaməsinin şanlı 44 günü - MƏQALƏ

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 gün davam edən müharibədə möhtəşəm qələbə qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Silahlı qüvvələrimiz döyüş meydanında Ermənistanın “güclü, məğlubedilməz” ordu mifini birdəfəlik darmadağın etdi. Azərbaycan Ordusunun nəyə qadir olduğunu isə əməliyyatların zirvəsində gələn Şuşa savaşı göstərdi. Vətən müharibəsində silahlı qüvvələrimizin cənub istiqamətində irəliləyişləri inkişaf etmiş texnologiyalardan peşəkar istifadə, rəhbərliyin düzgün planlaşdırması nəticəsində həyata keçirilmişdisə, Şuşada bunun üzərinə heyətin şəxsi peşəkarlığı amili də əlavə olundu. Ümumiyyətlə, Azərbaycanın Vətən müharibəsi müasir döyüş tarixində tamamilə yeni bir səhifənin əsasını qoydu. İyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasından sonra Prezident İlham Əliyev bəyanatında bununla bağlı deyib: “Şuşa şəhərini azad etmək böyük qəhrəmanlıq tələb edirdi. Şuşaya gələn hər bir insan bu sıldırım qayalara baxarkən görür ki, bu şəhəri, alınmaz qala sayılan şəhəri götürmək, azad etmək böyük qəhrəmanlıq, peşəkarlıq, şücaət, fədakarlıq tələb edir. Qəhrəman Azərbaycan əsgərləri qan tökərək, şəhid olaraq, sıldırım qayalara dırmaşaraq, demək olar ki, yüngül silahlarla, əliyalın Şuşanı düşmənin əlindən aldı və Azərbaycan bayrağını ucaltdı”.
Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşlar.Bu erməni xislətinin bariz nümunəsidir.
Bəli, 2020-ci ilin 8 noyabr tarixi - Şuşanın işğaldan azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər günü kimi yadda qaldı. Bu gün hər birimiz qürur, böyük sevinc hissləri yaşayırıq. Biz Qarabağ uğrunda aparılan döyüşləri zəfər ilə başa çatdırdıq. Torpaqlarımızı ordumuzun gücü və əsgərlərimizin qəhrəmanlığı sayəsində qarış-qarış əldə etdik. Azərbaycanın Vətən müharibəsi nəticəsində öz ərazi bütövlüyünü bərpa etməsi böyük qələbədir və Azərbaycan xalqı tarixi qələbəsini də öz müdrik rəhbərinin başçılığı ilə qazandı.
​​​
​​​​​Rzazadə Xanım Asif qızı
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidməti, şöbə rəisi

Bütün xəbərlər Facebook səhifəmizdə