"Prezident məcburi köçkünlərlə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşır" - QURUM RƏSMİSİ AÇIQLADI

"Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharbəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurda qayıdışına imkan yaradıb. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da məcburi köçkünlərlə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşır, onların problemlərinin həllinə kömək göstərir". Bu sözləri SİA-ya açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev deyib.

Onun sözlərinə görə, qayıdışın ilk qədəmləri olan Zəngilan rayonunun “ağıllı kənd” konsepsiyası əsasında inşa olunmuş Ağalı kəndinə 66 ailə 326 nəfər köçürülüb: "Bildiyiniz kimi, noyabr ayında Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı təsdiq olunub. Dövlət Proqramında öz əksini tapan prioritet fəaliyyət istiqamətlər üzrə bır sıra tədbirlərin həyata keçirilməsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin də əsas və əlavə icraçı kimi iştirakı nəzərdə tutulub".

Mətbuat katibi sözlərinə davam edərək, həmçinin bildirib ki, ümumiyyətlə, komitə Böyük Qayıdışa dair I Dövlət Proqramı və onun tədbirlər planında qarşıya qoyulmuş vəzifələrin vaxtında və tələb edilən səviyyədə icrasına əvvəlcədən ciddi hazırlıq görüb, müvafiq fəaliyyətlər üzrə texniki-təşkilati baza yaradılması istiqamətində zəruri iş aparıb: "Dövlət Komitəsi respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlər arasında sorğu keçirir, doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlər görür, əhali arasında məlumatlandırma, təbliğat işləri aparır, köçürülmənin texniki-təşkilati məsələləri ilə məşğul olur. Sorğuda iştirak etmiş məcburi köçkünlərin böyük əksəriyyəti doğma yurda qayıtmaq niyyətində olduqlarını bildirib. Sorğu zamanı məcburi köçkünlərin fərdi məlumatları, məşğulluq imkanları öyrənilir, əldə edilmiş məlumatlar Dövlət Komitəsinin vahid elektron-məlumat bazasına daxil edilir".

Bütün xəbərlər Facebook səhifəmizdə