Suraxanı rayonunda xeyriyyə aksiyası keçirilib FOTOLAR - SƏS TV

Sakinlərin gözləri pulsuz müayinə edilib

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının təşəbbüsü ilə oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar təşkilatın inzibati binasının qarşısında xeyriyyə aksiyası keçirilib. SİA-nın məlumatına görə, YAP Suraxanı rayon təşkilatının dəvəti ilə Mobil Göz Klinikasının həkimləri rayon sakinlərinin gözlərini pulsuz müayinə ediblər. Saat 09:00-dan 13:00-dək davam edən aksiyada həkimlər xüsusi avtomobildə quraşdırlmış avadanlıqlardan istifadə etməklə müayinəyə ehtiyacı olan sakinlərin gözlərini yoxlayıb, məsləhətlər verib, lazımi reseptlər yazıblar. Xeyriyyə aksiyasında 40 sakinin gözü müayinə olunub.

YAP Suraxanı rayon təşkilatının Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva bildirib ki, təşkilat mütəmadi olaraq rayon sakinləri üçün belə xeyriyyə aksiyaları həyata keçirir. O qeyd edib ki, görkəmli elm xadimi, oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar keçirilən xeyriyyə aksiyasında bir çox rayon sakinləri iştirak edib, pulsuz olaraq göz müayinəsindən keçiblər. Z.Musayevanın sözlərinə görə, həkimlər sakinləri müayinə edərkən, onların suallarını ətraflı şəkildə cavablandırıblar.

O, oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın şərəfli həyat yolunun Azərbaycan qadını üçün böyük məktəb olduğunu vurğulayıb: "Zərifə xanım Əliyevanın həyat yolundan uzun illər öyrəniləcək və dərs alınacaq. Görkəmli elm xadimini dərin hörmətlə yad edir, ölməz ruhu qarşısında baş əyirik".

Həkim İlahə Tağıyeva isə qeyd edib ki, təşkil olunmuş xeyriyyə aksiyasında iştirak etməkdən böyük məmnunluq hissi duyur: "Məqdsəmiz gözlərini vaxtında müalicə etdirə bilmələri üçün imkansız insanların göz müayinəsini həyata keçirmək, onlara müvafiq tövsiyələr verməkdir. Patalogiya aşkar olunan xəstələri qeydiyyata götürürük və onları periodik olaraq nəzarətdə saxlayacağıq. Bir çox insanlarda müxtəlif göz xəstəlikləri və eynək problemi aşkar olunub. Onlara əlimizdən gələn köməkliyi göstərəcəyik. YAP Suraxanı rayon təşkilatına belə aksiya təşkil etdiyinə görə təşəkkürümü bildirirəm".

YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri Kənan Kərimov oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar keçirilən xeyriyyə aksiyasının əhəmiyyətindən danışıb. Bildirib ki, xeyriyyə aksiyası görkəmli elm xadimi Zərifə xanım Əliyevanın oftalmologiya elminə verdiyi töhfələr və bu sahədə apardığı işlərə dəstək məqsədilə təşkil olunub.

Onun sözlərinə görə, xeyriyyə aksiyası insanlar tərəfindən alqışla qarşılanıb və çox sayda sakin göz müayinəsindən keçmək üçün təşkilata müraciət edərək qeydiyyata düşüb.

K. Kərimov rayon təşkilatının daima imkansız insanları, şəhid ailələrini, qaçqın və məcburi köçkünləri diqqətdə saxladığını qeyd edib.

Aksiyada iştirak edən insanlar belə xeyriyyə tədbirlərinin vacibliyini vurğulayıb, təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...