Öskürəyiniz varsa, diqqətli olun, yoxsa…

Öskürəyiniz varsa, diqqətli olun, yoxsa…

Həftələrlə davam edən öskürəyə adi narahatlıq kimi yanaşmaq düzgün deyil. Xüsusilə gecə və səhər saatlarında güclənən öskürək müxtəlif ağciyər xəstəliklərinin əlaməti ola bilər.

SİA xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, öskürəyin yalnız nə qədər davam etməsi deyil, hansı vaxtlarda yaranması, xarakteri və digər simptomlarla müşayiət olunması da səbəbin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.

Ekspertlərə görə, böyüklərdə 8 həftədən artıq davam edən öskürək xroniki hesab olunur. Bununla belə, həkimə müraciət etmək üçün öskürəyin bu həddə çatmasını gözləmək tələb olunmur.

Xroniki öskürəyə astma, bronxoektaziya, müxtəlif infeksiyalar, reflüks, eləcə də burun və sinus xəstəlikləri səbəb ola bilər.

Gecə və səhər saatlarında artan, soyuq hava və fiziki fəaliyyət zamanı yaranan öskürək isə astma ilə əlaqəli ola bilər. Bəzi xəstələrdə astma yalnız uzunmüddətli öskürəklə özünü göstərir. “Öskürək variantlı astma” adlanan bu vəziyyətdə xırıltı və ya nəzərəçarpan nəfəs darlığı müşahidə olunmaya bilər.

Səhərlər bəlğəmlə müşayiət olunan uzunmüddətli öskürək, xüsusilə tütün istifadə edən şəxslərdə xroniki bronxit ehtimalını gündəmə gətirir. Mütəxəssislər “siqaret çəkirəm, öskürməyim normaldır” yanaşmasının xəstəliyin gec aşkarlanmasına gətirib çıxara biləcəyi barədə xəbərdarlıq edirlər.

Xroniki öskürək şikayəti olan şəxslərdə ilkin mərhələdə ətraflı müayinə, ağciyərlərin rentgen müayinəsi və tənəffüs funksiyasını qiymətləndirən testlər aparılır. Həkimlərin bildirdiyinə görə, hər uzunmüddətli öskürək zamanı KT müayinəsinə ehtiyac olmur. Müayinələrin həcmi xəstənin şikayətləri və risk faktorları nəzərə alınmaqla müəyyənləşdirilir.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə