Masa arxasında çalışanlar niyə sürətlə kökəlir? - DİETOLOQ AÇIQLADI

“Oturaq həyat tərzi və piylənmə arasında birbaşa əlaqə var. Xüsusilə gün ərzində uzun saatlar masa arxasında çalışan insanlarda hərəkətsizlik, qeyri-düzgün qidalanma və yuxu rejiminin pozulması çəki artımını sürətləndirir. Bu insanların ən böyük səhvi isə sağlam həyat tərzini ikinci plana keçirmələridir”.

Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ləman Süleymanova deyib.

O bildirib ki, bir çox insan səhər yeməyini buraxır və bunun əvəzinə yalnız qəhvə içməklə enerjili olacağını düşünür. Halbuki qəhvə qısa müddətli stimul versə də, sonradan halsızlıq və yorğunluq yarada bilir. Üstəlik, səhər yeməyi olmadıqda maddələr mübadiləsi zəifləyir, gün ərzində həzm prosesi ləngiyir və axşam saatlarında daha çox yemək istəyi yaranır:

”Oturaq iş mühitində çalışanların digər problemi havasız və qapalı məkanlarda uzun müddət qalmaqdır. Kiçik kabinetlərdə, oksigen dövranı zəif olan yerlərdə işləmək yorğunluğu artırır. Kondisioner işləsə belə, otağın havası mütəmadi yenilənməli, pəncərələr açılmalıdır. Təmiz hava həm beyin fəaliyyətinə, həm də metabolizmə müsbət təsir göstərir.

Qidalanma vərdişləri də ciddi rol oynayır. İş yerlərində insanlar çox zaman hazır yeməklərə, şirniyyatlara, un məmulatlarına, fast-food və yağlı qidalara üstünlük verirlər. Bu cür qidalar həm həzm sistemini yükləyir, həm də piylənmə riskini artırır. Üstəlik, gün boyu hərəkətsiz qalan orqanizm bu kaloriləri enerji kimi istifadə edə bilmədiyi üçün yağ şəklində toplayır.

Axşam saatlarında isə problem daha da artır. Gün ərzində nizamsız qidalanan insan axşam evə gəldikdə psixoloji rahatlama ilə birlikdə daha çox yeməyə meyilli olur. Xüsusilə gec saatlarda ağır yeməklər və qarışıq qidalar qəbul edildikdə həzm sistemi yüklənir, yuxu keyfiyyəti pozulur və çəki artımı sürətlənir.

Oturaq həyat tərzi keçirən insanlarda ən çox rast gəlinən problemlərdən biri də mədə və bağırsaq xəstəlikləridir. Qeyri-sağlam qidalanma, uzun müddət ac qalmaq və nizamsız yemək rejimi mədə xorası və həzm sistemi pozuntularına səbəb ola bilir.

Bu problemlərdən qorunmaq üçün bir neçə vacib qaydaya əməl etmək lazımdır:

  • Səhər yeməyini mütləq etmək
  • Gün ərzində kifayət qədər su içmək
  • Uzun müddət ac qalmamaq
  • Şirniyyat və hazır qidaları azaltmaq
  • Meyvə və sağlam ara yeməklərə üstünlük vermək
  • Axşam yeməyini yüngülləşdirmək
  • Gün ərzində qısa da olsa hərəkət etmək və gəzmək
  • İş mühitində havalandırmaya diqqət etmək

Hətta oturaq işdə çalışan insanlar belə gün ərzində qısa yürüşlər etməklə, pilləkən istifadə etməklə və qidalanmanı düzgün planlaşdırmaqla piylənmə riskini ciddi şəkildə azalda bilərlər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə