Pirsinq haqqında nələri bilirik? - RƏYLƏR

Son illər "gözəllik ondursa, 9-u bəzənməkdir" deyib, müxtəlif cərrahi əməliyyatlar, epilyasiya etdirənlər və pirsinqə üz tutanların sayı getdikcə artır. İnsanların dəblə ayaqlaşması, daha gözəl görünməsi üçün istifadə etdikləri pirsinqlər cəmiyyətdə birmənalı qəbul olunmasa da, gənclər bu bəzəkdən imtina etmirlər. Əksinə, gün keçdikcə pirsinqə meyl edənlərin sayı artır.

Ən qədim pirsinqli mumiya 1991-ci ildə Avstriyanın Similaun buzlaqlarında tapılmışdır. Burada aşkar olunan mumiyanın yaşı təxminən 5300-dən artıq idi. Mütəxəssislərin mumiyanın qulağında olan deşiyi bu dini mərasimlə əlaqələndirdilər. Deyilənlərə görə, qədim zamanlarda bəzi tayfalar dini mərasimlərdə pirsinqlərdən istifadə edirdilər və bu adət indiyədək bəzi tayfalarda qalmaqdadır.

Son illər ərzində pirsinqin yeni növü dəbə düşüb. Həmin pirsinqin adı "Brain-pirsing"dir( yəni beyin pirsingi). Xüsusi narkozla olunan bu pirsinq çox təhlükəlidir, hətta ölümlə nəticələnə bilir.

Pirsinq haqqında nələri bilirik? Gigiyenik qaydalara əməl etmədikdə hansı fəsadlara yol aça bilər? Şişmə zamanı nə etmək lazımdır? Məqsəd nədir? SİA mövzu ilə bağlı pirsinq ustası Nazlı Zirəddin və dermotoloq Vaqif Abdullayevin fikirlərini öyrənib.

Piercier Nazlı Zirəddin: "Pirsinq incə detallı bir aksessuar olmasına baxmayaraq dəbin bir parçasıdır və xanımlarımızın tərzlərini tamamlayır. Pirsinqi etdirməkdə məqsəd qulağın gözəl görünməsi, bəzən də böyük qulaqların pirsinqlə gizlədilməsidir. Bu, doğrudur, pirsinqlər o qədər gözəl görünür ki, qulağın əyriliklərinə, böyüklüyünə fikir verilmir. Ancaq pirsinq sırğaları nəzərimizi çəkir.

Xanımların ağrıya həssaslığına görə dəyişir, bəzən ağrıyır bəzən heç nə hiss etmirlər. Amma məndən soruşsanız, yüngül bir ağrısı olur, sonra isə keçir. Biz qulağın dərisinə uyğun, etdiyimiz nahiyəyə uyğun olaraq mazlar, kremlər məsləhət görürük ki, qulluq edilsin. Düzgün qulluq edilmədikdə iltihabın yığılması, təmizlənməməsi, məsləhət gördüyümüz kremlərin istifadə edilməməsi ilə şişmə, qızartı və ağrıya səbəb olur. Şişmə zamanı pirsinqi ön və arxa hissədən yaxşıca təmizləyib, maz çəkmək məsləhətlidir. Ən çox 4 aydan yuxarı körpələri olan və 18-40 yaş aralığı xanımlarımız edir.

Qulağın bütün nahiyələrinə, burun, qaş, göbək kimi nahiyələrə edirik. Pirsinq edən insanların içində tələbələr, stilistlər, müəllimlər, hər peşədən insan var".

Dermatoloq Vaqif Abdullayev: "Pirsinq edərkən anatomiyani nəzərə almaq lazımdır. Ciddi travma verməmək şərtilə icra edilməlidir. Nəzərə alsaq ki, pirsinqlər dəri bütövlüyünü pozur. Sterilizasiya mütləq şəkildə tam aseptika, antiseptika qaydaları riayət olunub icra olunmalıdır. Poliklinik şəraitdə olunsa, daha yaxşıdır, nəinki tatu salonunda, qeyri-steril şəraitdə olunması. Dəridə aseptika və antiseptika qaydalarına uyğun olaraq antiseptiklərdən istifadə edilməlidir, dəri təmizlənməlidir. Eyni qaydada pirsinqdə istifadə olunan deşici və pirsinqin özü də steril olmalıdır. Daha yaxşı olar ki, steril paketdə sterilizasiya olunsun.

Qulaqda pirsinqlər ediləndə, yaxud da digər nahiyələrdə problemlər yarada bilir. Ona görə ki, qığırdaqlar ciddi travma ala bilir. Göbəkdə olunanda çapıqlar əmələ gələ bilər. Ona görə də, diqqətli olmaq lazımdır. Pasient çapığa meyillidirsə, pirsinq etmək məsləhət deyil. Bəzi hallarda dilə də pirsinq olunur. Dilə də məsləhət görülmür. Ona görə ki, dildəki əzələ toxuması zədələnir, dil öz funksiyasını normal yerinə yetirə bilmir, infeksiya üçün qapılar açıq olur".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə