“Qana ehtiyacı olan xəstələr üçün qan vermək vacib və savab işdir” - MÜSAHİBƏ
SİA Qanın insan həyatında rolu və funksiyaları barədə Mərkəzi Gömrük Hospitalının Qan Bankı şöbəsinin rəisi, hematoloq Dr.Gülnar Xəlilova ilə müsahibəni sizə təqdim edir.
-Gülnar həkim, insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan qan haqqında nə deyə bilərsiz?
- İnsan orqanizmi üçün ən mühüm komponentlərdən biri olan qan orqanizmin birləşdirici toxumalarına aid olan və bədəndə dövr edərək müxtəlif funksiyaları yerinə yetirən mayedir. Qan, limfa və hüceyrəarası maye ilə birlikdə orqanizmin daxili mühitini əmələ gətirir. Qan orqanizmin bütün toxumalarını və orqanlarını qidalandırır.
Orta hesabla yaşlı insanın bədənində qan ümumi kütlənin 6-8%-ni təşkil edir və ya bədən kütləsinin 1 kq-na 65-80 ml qan düşür. Qan bir çox həyati əhəmiyətli funksiyaları yerinə yetirir.
-Qan və onun komponentlərini tez-tez vermək olarmı?
-Donorluğun müxtəlif növləri var - tam qan donorluğu və komponent donorluğu. Kişilər ildə 5 dəfədən çox, qadınlar ildə 4 dəfədən çox olmayaraq tam qan verə bilərlər. Qan verdikdən sonra donorun yenidən qan verə bilməsi üçün ən azı 60 gün keçməlidir. Qan verdikdən sonra donorun plazma verməsi üçün ən azı 30 gün keçməlidir. Plazma verildikdən sonra donorun yenidən plazma və ya qan bağışlaması üçün ən azı 14 gün keçməlidir.
-Bu həyati əhəmiyyətli funksiyalar hansılardır?
- Qan həyat üçün o qədər zəruridir ki, tibb elminin inkişafından asılı olmayaraq onun alternativi yoxdur. Qan tənəffüs sistemi üçün əvəzolunmaz vəzifəni - oksigenin ağ ciyərlərdən toxumalara daşınması və karbon qazının toxumalardan ağ ciyərlərə daşınmasını yerinə yetirir. Qan eyni zamanda qida maddələrini və oksigeni hüceyrələrə çatdırır, qan hüceyrələri yad mikroorqanizmlərlə mübarizədə fəal iştirak edir. Qan toxumalardan maddələr mübadiləsi məhsullarını çıxarır, bədənin temperaturunu nizama salır.
-Siqaret çəkən şəxs donor ola bilərmi?
Siqaret donorluq üçün əks göstəriş deyil. Mütəxəssislər qanvermə prosedurundan bir saat əvvəl siqaretdən imtina etməyi, donorluqdan sonra isə iki saat siqaret çəkməməyi tövsiyə edir.
-Qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpələri, xəsarət alan insanları və digərlərini ölümdən xilas etməyə kömək edir. Hazırda bütün dünyada qanvermə aksiyaları keçirilir. Toplanan qandan necə istifadə olunur, bu proses necə tənzimlənir?
-Hər il dünyada təxminən 117 milyon donor qeydiyyatdan keçir. Onların təxminən yarısı dünya əhalisinin 16 faizini təşkil edən yüksək gəlirli ölkələrdə yaşayır. Başqa sözlə desək, 62 ölkə könüllülərin təmənnasız verdiyi qan hesabına tam qan ehtiyatlarına malikdir. Ölkəmizdə də mütəmadi olaraq qanvermə aksiyaları təşkil olunur. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə mütəmadi olaraq qanvermə ansiyaları təşkil olunur, qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə artıq ənənəyə çevrilmiş könüllü qanvermə aksiyalarında insanlar fəal iştirak edirlər.
Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılır, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülür. Hazırda irsi qan xəstəliyi olan xəstələrin, həmçinin, cərrahi əməliyyatların sayının artması qan və onun komponentlərinə olan tələbatı da artırır. Donorlardan toplanan qan hemofiliya, talassemiya, anemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə bəxş olunur.
-Donor qanı kimlərə lazımdır?
Yer üzündə hər üçüncü insan həyatında ən azı bir dəfə qan donoruna ehtiyac duyur. Donor qanına ehtiyacı olan insanların bir neçə kateqoriyası var. Elə insanlar var ki, qan preparatlarına ömürlük ehtiyacı var. Bunlar, ilk növbədə, hemofiliyalı xəstələrdir. Əgər kifayət qədər laxtalanma faktoru varsa və xəstə uşaqlıqdan adekvat dəstəkləyici terapiya alıbsa, deməli, o, adi bir insandan heç bir fərqi yoxdur və adi bir insan həyatı yaşayır. Qanın laxtalanma faktorları olmayan belə xəstələrin həyatı sadəcə mümkün deyil.
Xərçəng xəstələrinin daim donor qanına ehtiyacı var. Bədxassəli şişlərin müasir müalicəsi şiş hüceyrələrinin öldürülməsini nəzərdə tutur. Şiş hüceyrələri ilə yanaşı, normal qan yaranma da bir müddət dayanır. Məhz bu dövrdə xəstənin donor qanının komponentləri, xüsusən də əvəzedicisi olmayan, hətta yaxın gələcəkdə də gözlənilməyən müalicəyə - trombositlər ilə terapiyaya ehtiyacı var.
Cərrahi patologiyası olan xəstələr üçün də donor qanı lazımdır. Bunlar oynaqların dəyişdirilməsinə ehtiyacı olan, ürək cərrahiyyə əməliyyatları keçirən xəstələridir. Cərrahi əməliyyatlar qan damarlarının və toxumalarının zədələnməsini və itirilmiş qan komponentlərini bərpa etmək ehtiyacını ödəyir.
Doğuş zamanı qadınlara tez-tez qanköçürmə tələb olunur. Doğuş zamanı qadınların müəyyən bir hissəsi həmişə qan itkisi riski altındadır, bu da ana və uşağın həyatını xilas etmək üçün lazımi şəkildə kompensasiya edilməlidir.
Həmçinin uşaq praktikasında yenidoğulmuşların hemolitik xəstəliyi olur, erkən diaqnoz qoyulub müalicə oluna bilər. Belə müalicə zamanı xəstə uşaqlara çoxlu sayda müxtəlif qan komponentlərinin köçürülməsi lazımdır.
-Gülnar həkim, qanvermənin faydaları və zərərləri barədə nə deyə bilərsiz? Kimlər donor ola bilər?
- Sağlamlığı imkan verən hər kəs qan donoru ola bilər. Qanvermə çox humanist bir addımdır. Hər qan donorluğu çox qiymətli, həyat xilas edən bir hədiyyədir. Qana ehtiyacı olan xəstələr üçün qan vermək həm vacib, həm də savab işdir. Bir çox xəstələr vardır ki, qan çatışmazlığı səbəbindən həyaını itirir. Hətta elə xəstələr var ki, onlara vaxtaşırı qan köçürmək lazım gəlir. Qəza zamanı qan itirən xəstələrə və bəzi qan xəstəlikləri zamanı qanköçürməyə daha çox ehtiyac olur. Hər bir sağlam adam ildə 2 dəfə qan verə bilər. Qan vermək insanın sağlamlığı üçün faydalıdır. Çəkisi 50 kiloqram və yaşı 18-65 arasında olan hər bir sağlam adam qan verə bilər. Çünki, qanvermə zamanı qan hüceyrələri yenilənir.
Qanvermənin faydalarına gəldikdə isə deyə bilərəm ki, hər qanvermədən sonra orqanizmdə qan hüceyrələri təzələnir, qanda yağın miqdarı aşağı düşür, ürək xəstəlikləri riski 90% azalır. Qan vermək bədəni cavanlaşdırır. Sağlam həyat tərzi üçün ildə 1 dəfə qan vermək faydalıdır. Belə ki, qan verən adam özünü yüngül və rahat hiss edir, onun qanyaradıcı orqanları fəaliyyətini gücləndirir və yeni qan yaratmaq üçün hərəkətə başlayır.
Qanvermənin zərəri yoxdur, yalnız qan verdikdən sonra yüngül başgicəllənmə, ürəkbulanma, titrətmə, tərləmə müşahidə olunur ki, bunlar da tezliklə keçib gedir.
-Maraqlı müsahibəyə görə təşəkkür edirik.
Müsahibəni apardı: Dilarə Zamanova, Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi
Bütün xəbərlər Facebook səhifəmizdə