İnsanları yalançı marafonlara sövq edirlər - HƏKİM FAKTLARI AÇIQLADI

"Müasir dünyamızın ən qlobal problemlərindən biri də arıqlama və kökəlmədir". Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ləman Süleymanova deyib.

O bildirib ki, arıqlamaq istəyənlərin sayı daha çox üstünlük təşkil edir: "Bundan sui-istifadə edən müəyyən işbazlar var. Dietologiya elmi haqqında heç bir anlayışı olmayan, heç bir diplomu olmayan, həkimlik sertifikatı, təcrübəsi olmayan insanlar sosial şəbəkələrdə daha rahat şəkildə "dietoloq" adı altında özlərinə imic yaradırlar. İnsanları yalançı marafonlara sövq edirlər. Bu marafonları təşkil edənlər həkimlikdən anlayışı olmayan insanlardır ki, qara bazarda tanınan, açıq yolu olmayan, icazəsi olmayan dərmanları gizli satış edirlər. Arıqladıcı və kökəldici dərmanların 70%-i icazə ilə satılır. 30-40 faizi internet vasitəsilə satılır, icazəsi yoxdur.

Araşdırmamıza görə, 2011-2020-ci illərlə müqayisədə artıq icazəsi olmayan dərmanların satışı 40-45% təşkil edir. Bəzən şirkətlərin xaricdə icazəsi olsa da, Azərbaycanda icazəsi yoxdur. İnternet vasitəsilə özlərinə işçi axtarırlar, onlar da qoşulurlar, şəbəkə yaradırlar. Şəbəkə vasitəsilə də satış edirlər. Təəssüflər olsun ki, xaricdən gələn dərmanların çoxu fitness salonlarında trinerlər tərəfindən məsləhət görülür. Bioloji aktiv maddələr adı ilə insanlara satış edilir. Bəzilərinin icazəsi var, amma onların tərkibində orqanizmə birbaşa təsir edən maddələr var. Allaha şükür ki, artıq özünü sevən, sağlamlığına ciddi yanaşan insanlar bunu bilirlər. Bu dərmanların tərkibində xüsusi maddələr var. Qaraciyər, mədəaltı vəzə sıx təsir edən maddələr var. Bütün insanlığı sevən həkimlər hər dəfə bunu qeyd edirlər. Mən də bir daha qeyd edirəm ki, arıqladıcı dərmanlar, kokteyllər, bütün arıqladıcı vasitələrin tərkibində narkotik tipli maddələr var. Həmin narkotik tipli maddələr insanı özündən asılı edir".

"Arıqladıcı dərmanların, kokteyllərin tərkibində xüsusi maddələr var. Narkotik tipli maddələr insanı özündən asılı vəziyyətə gətirir. Belə insanlar 2-3 kiloqram arıqlayıb, sonra ikiqat çəki alır. İnsanda baş ağrıları, ürəkbulanma, panikatak yaradır. Qalxanvari vəzi xəstəliklərindən əziyyət çəkən insanlar qətiyyən arıqladıcı vasitələrdən istifadə etməməlidir. Əks təsiri olacaq. Bəzi endokrinoloqlar var ki, dietoloqluq edirlər, insanlara piy əridən dərmanlar yazırlar. Bu, onlara çox ziyandır. Birbaşa qaraciyərə, mədəaltı vəziyə çox pis təsir edir, xərçəng xəstəliyinə gətirib çıxarır. Bütün arıqladıcı dərmanlar orqanizmə mənfi təsir göstərir. Çox təəssüflər olsun ki, özlərini sevməyən insanlar bu dərmanlardan istifadə edirlər" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə