40 yaşından əvvəl "vaxtından əvvəl yumurtalıq çatışmazlığı" (erkən menopoz) yaşayan qadınlarda otoimmün xəstəliklər riskinin artdığı müəyyən edilib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Finlandiya alimləri 20 min qadının təxminən 12 illik sağlamlıq məlumatlarını araşdırıblar. Tədqiqatçılar müəyyən ediblər ki, 40 yaşdan aşağı təxminən 4 min qadına müxtəlif dövrlərdə vaxtından əvvəl “yumurtalıq çatışmazlığı” diaqnozu qoyulub. Onlar bu qadınlarda 1-ci tip diabet, həddindən artıq aktiv tiroid bezi, lupus və iltihablı bağırsaq xəstəliyi kimi otoimmün xəstəliklərin riskləri barədə məlumatları müzakirə ediblər. Bəlli olub ki, ən azı 1 otoimmün xəstəliyi olan qadınların nisbəti erkən menopozdan əvvəl 5,6 faiz olubsa, diaqnozdan sonra bu rəqəm 12,7 faizə yüksəlib.
Erkən menopoz diaqnozu qoyulan qadınlar otoimmün xəstəliklərə standart qrupdan 2,6 dəfə daha çox meylli olub. Əvvəllər otoimmün xəstəlikləri olmayan qadınların erkən menopozdan sonrakı 3 il ərzində bu xəstəliklərə tutulma ehtimalının təxminən 3 dəfə çox olduğu qeyd edilib.
“The Guardian” yazır ki, tədqiqatın müəlliflərindən olan ginekoloq-doktor Susanna Savukoski erkən menopoz diaqnozu qoyulan qadınların əksəriyyətində otoimmün xəstəliklərin olmadığını, lakin həkimlərin artan risklərdən xəbərdar olmaları lazım gəldiyini bildirib.
Qeyd edək ki, 40 yaşdan aşağı qadınlarda estrogen səviyyəsinin aşağı olması ilə müşayiət edilən yumurtalıqlarda erkən funksiya itkisinə vaxtından əvvəl yumurtalıq çatışmazlığı deyilir.
Elmi araşdırma məqaləsi İngiltərənin Oksford Universitetinin “Human Reproduction” jurnalında dərc olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə