Təyyarə qəzası ilə bağlı Azərbaycanın mövqeyi ədalətli, prinsipial və qətidir
Artıq başa çatmaqda olan 2024-cü ilin dekabr ayının 25-də Azərbaycan xalqına və dövlətinə böyük faciə üz verdi. Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi qəzaya uğradı. Hadisənin səbəblərinin araşdırılması hazırda Prezident İlham Əliyevin nəzarəti altındadır. Məlum olduğu kimi, həmin gün Sankt-Peterburqda MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edildi və dövlətimizin başçısı dərhal geri dönmək barədə tapşırıq verdi. Təyyarə yerə endikdən dərhal sonra hadisə ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda müşavirə keçirən Prezident İlham Əliyev bildirdi ki, məsələ tam araşdırılmalıdır.
Dövlətimizin başçısı dekabrın 29-da Azərbaycan Televiziyasına müsahibəsində qəzanın başvermə səbəblərinin araşdırılması, həqiqətlərin ictimaiyyətə çatdırılması istiqamətində atılan addımlardan və ilkin nəticələrdən bəhs etdi. Dövlət Komissiyası yaradılması, müvafiq qurumların nümayəndələrindən ibarət heyətin, eyni zamanda, Azərbaycan həkimlərindən ibarət qrupun Aktau şəhərinə ezam edilməsi, Azərbaycan Respublikası Baş Prokurorluğunun baş vermiş qəza ilə bağlı cinayət işi açması və sair kimi mühüm addımlar Prezident İlham Əliyevin göstərişi əsasında həyata keçirildi. Sözügedən müsahibəsində “Təbii olaraq ilkin versiyalar üzərində iş başladı. Əlbəttə, son versiya “qara qutu”lar açılandan sonra bəlli olacaq” söyləyən dövlətimizin başçısı ilkin versiyaların kifayət qədər əsaslı olduğunu, faktlara söykəndiyini önə çəkərək açıqladı ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni itirmişdir. Dövlət başçısı bildirdi ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Həmçinin yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir. Azərbaycanı təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də odur ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması, quşlarla bağlı versiyalar irəli sürdü. Bu, açıq-aydın göstərdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə ki, bu, heç kimə başucalığı gətirmir.
SİA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.
O qeyd edib ki, dövlətimizin başçısının müsahibəsində də vurğulandığı kimi, təyyarəmiz təsadüfən vuruldu. Burada hər hansı bir qəsdən atılmış addımdan söhbət getmir. Ona görə də öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək, bütün bunlar görüləsi tədbirlər, atılası addımlar idi. Əfsuslar olsun ki, ilk üç gün ərzində Rusiya tərəfdən cəfəng versiyalardan başqa heç nə eşidilmədi.
Üç gündən sonra, dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə zəng vuraraq təyyarə qəzası ilə bağlı üzrxahlığını ifadə etdi. Prezident İlham Əliyev telefon danışığı zamanı Vladimir Putinə “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini, yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini vurğuladı. Rusiya Prezidentinə təyyarənin gövdəsində çoxsaylı dəliklərin olması, hələ havada olarkən sərnişinlərin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmaları, sağ qalan təyyarə bələdçilərinin və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyi bildirildi.
Vüqar Rəhimzadə onu da bildirib ki, Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarıdır. Rusiya tərəfi rəsmi qaydada Dövlətlərarası Aviasiya Komitəsinin bu işi araşdırmasını təklif etsə də Azərbaycan qəti şəkildə bundan imtina etdi. Prezident İlham Əliyev müsahibəsində bunun səbəblərini də açıqladı. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra Azərbaycan Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydi, bəlkə də buna etiraz etməzdi. Amma məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır. Şübhəsiz, “qara qutu”ların açılması ilə sual doğuran məsələlərə aydınlıq gətiriləcək. Bilinəcək ki, nə üçün təyyarə enə bilməyib? Dəqiq nə vaxt təyyarəyə yerdən atəş açılıb? Nə üçün daha yaxında olan hava limanlarına təyyarə eniş cəhdi etməyib, daha yaxın Minvod və Mahaçqala hava limanları idi. Təyyarə Aktauya göndərildimi, yoxsa bu, obyektiv seçim idi? Radioelektron mübarizənin təsiri nə dərəcədə təyyarənin idarə olunmasına təsir göstərmişdir? Havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli oldu? Bütün bu suallara hələ ki, cavab yoxdur. Sual doğuran bu məsələlər faktların inkar edilməsinə, gözdən pərdə asmağa edilən cəhdlərin heç bir əsası olmadığını ortaya qoyur. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu cəhdlər həm cəfəngiyyatdır, həm də ağılsızlıqdır.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan hər bir məsələdə ədalətin yanındadır. Bu baxımdan dövlətimiz baş verən təyyarə qəzasının səbəblərinin araşdırılmasında və ictimaiyyətə çatdırılmasında ədalət meyarının qorunmasına çağırış edir.
Vüqar Rəhimzadə diqqəti Azərbaycan tərəfinin Rusiyadan tələblərinə yönəldərək bildirib ki, dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada qarşı tərəfə çatdırılıb. Birincisi, Rusiya tərəfinin Azərbaycandan üzr istəməsi idi. İkincisi, Rusiya öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalı, cinayət məsuliyyətinə cəlb etməli, Azərbaycan dövlətinə, zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Onlardan birincisi artıq edildi. Dövlətimizin başçısı İlham Əliyev digər şərtlərin də qəbul ediləcəyinə inamını ifadə edir: “Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Bax, budur. Yenə də deyirəm, Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır.”
Deputat pilotların, bütün ekipajın qəhrəmanlığından, yüksək peşəkarlığından da bəhs edib. Bildirib ki, insan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, məhz pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirdi və sərnişinlərin bir qismi xilas edildi. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı-Qroznı istiqamətində uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak etdilər, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı verdilər. Prezident İlham Əliyevin 2024-cü il 29 dekabr tarixli Sərəncamı ilə baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə ekipaj üzvləri təltif edildilər. Sərəncama əsasən, ölümündən sonra Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç və Əliyeva Hökumə Cəlil qızı “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə, Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edildilər.
Bütün xəbərlər Facebook səhifəmizdə