Cənubi Koreya “Boeing-737-800” tipli təyyarələrin yoxlanışına başlayıb

Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi “Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzasından sonra “Boeing 737-800” tipli hava gəmilərinin yoxlanışına başlayıb. SİA xəbər verir ki, nazirlik ölkənin aviasiya şirkətlərinin, o cümlədən aşağı büdcəli şirkətlərin istismarında olan bütün “Boeing 737-800” təyyarələrinin yoxlanılacağını açıqlayıb. Hazırda “Jeju Air” də daxil olmaqla, ölkənin aviasiya şirkətlərinin istismarında 101 ədəd həmin təyyarədən var.

Son iki gün ərzində “Jeju Air” şirkətinin “Boeing 737-800” tipli təyyarələrində yaşanmış şassi problemindən danışan Cu Conq-Van əlavə edib ki, buna cavab olaraq hərtərəfli aviasiya təhlükəsizliyi yoxlamaları aparılacaq. Hökumət aviaşirkətlərin “Boeing” modeli ilə bağlı müxtəlif qaydalara düzgün əməl edib-etmədiyini diqqətlə araşdıracaq, bunun üçün təyyarələrin istifadə göstəricilərini, uçuş yoxlamalarını və texniki xidmət məlumatları təhlil edəcək.

179 nəfərin ölümü ilə nəticələnən Muan qəzasından danışan nazirliyin rəsmisi bildirib ki, artıq “qara qutu”lar tapılıb. Onlardan birində xarici zədələnmə aşkarlanıb. Nazirlik rəsmisi ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının Muan hava limanında baş verən qəzanın araşdırılmasında iştirak edəcəyini söyləyib, bundan başqa, “Boeing” şirkətinin və mühərrik istehsalçısı “CFM International”ın da əməkdaşlıq üçün müraciət etdiyini söyləyib.

Qeyd edək ki, dekabrın 29-da “Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysini yerinə yetirən sərnişin təyyarəsi yerli vaxtla saat 9 radələrində Muan şəhərinin beynəlxalq hava limanına qəza enişi etdikdən sonra uçuş zolağından çıxaraq, beton hasara çırpılıb. Nəticədə partlayış və güclü yanğın olub. Təyyarədə olan 175 sərnişinin hamısı, habelə 6 ekipaj üzvündən 4-ü həyatını itirib. İlkin açıqlamalarda qəzaya təyyarənin quş sürüsü ilə toqquşması nəticəsində şassidə yaranan problem göstərilsə də, sonradan eniş mexanizmində nasazlıq olması barədə məlumatlar yayılıb. Bunun da vaxtında və düzgün yoxlama aparılmaması ilə bağlı olduğu bildirilir.

Xatırladaq ki, bu, 1997-ci ildə “Korean Air” şirkətinin Quamda 225 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasından sonra Cənubi Koreyanın aviasiya tarixində ən faciəvi qəzadır. Çoxsaylı insan itkisi ilə əlaqədar ölkədə bir həftəlik matəm elan olunub, 17 şəhərdə qəza qurbanlarının xatirəsinə lövhələr quraşdırılıb. Cənubi Koreya prezidentinin səlahiyyətlərini icra edən Çoy Sanq Mok dekabrın 30-da Muan şəhərində qəza qurbanlarının xatirəsi üçün hazırlanmış lövhəni ziyarət etməzdən əvvəl xüsusi qərargahın iclasını keçirib və Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyinə ölkənin aviasiya şirkətlərinin fəaliyyətini təcili yoxlamağı tapşırıb. O, qəzanın təhqiqatı barədə ictimaiyyətə mütəmadi məlumat veriləcəyini söyləyib.

Dekabrın 30-da “Jeju Air” şirkətinə məxsus daha bir “Boeing 737-800” tipli təyyarə Seulun “Gimpo” aeroportundan Cecu adasına uçmaq üçün havaya qalxdıqdan təxminən 50 dəqiqə sonra eniş mexanizmindəki problemə görə yenidən “Gimpo”ya qayıdıb.

Bütün xəbərlər Facebook səhifəmizdə