"Həmrəylik günü ilə bağlı atılan ilk addım 1989 - cu ilin dekabr ayına təsadüf edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib.
O bildirib ki, hansı ki 1989- cu ilin dekabr ayının sonlarında Naxçıvanda SSRİ ilə İran arasında quraşdırılmış sərhədlər aradan qaldırıldı: "Düşünürəm ki, o sərhədlərin ortadan götürülməsi ilk növbədə cənubda yaşayan soydaşlarımızla şimalda yaşayan soydaşlarımızın həmrəy olması üçün atılan ən mühüm addımlardan biri idi. 1992-ci il dekabr ayının 31-də artıq ilk dəfə Həmrəylik Günü qeyd olundu və bu günün meydana gəlməsi əsasən cənubda yaşayan azərbaycanlılarla şimalda yaşayan azərbaycanlıların birgə olması üçün hesablanmışdı.
Lakin 2001-ci ildə dönəmin Prezidenti mərhum Heydər Əliyev məhz dekabr ayının 31-də Dünya Azərbaycanlıların ilk qurultayını keçirməklə bu maştabı biraz da genişləndirmiş oldu. Təkcə cənubi qardaşlarımızla yox, bütün dünyada yaşayan azərbaycanlıların həmrəy olmasının vacibliyinə vurğu vurdu. Mənə görə, bunun özü çox müsbət haldır. Düşünürəm ki, ümumiyyətlə, o xalqlara həmrəylik lazımdır və vacibdir ki, onlar zamanla parçalanmış duruma düşüblər. Bizim xalqımızı bir neçə dəfə böyük güclər parçalayıb. Bu günün özündə də Azərbaycan türklərinin bir hissəsi şimali, digər hissəsi cənubi, hətta başqa bir hisəsi də kərkükdədir, yəni paramparça olmuş vəziyyətdədir. Ona görə də, Həmrəylik Günü ən çox da bizim xalqa yaraşır və həmin istiqamətdə mühüm addımlar atılıb, bunun davamı da gəlməlidir ki, biz öz həmrəyliyimizə nail ola bilək. O günlər çoxda uzaqda deyil və zaman çox sürətlə keçir, birdə baxacağıq ki, həqiqətən də bütöv bir Azərbaycan xalqının birləşdiyinin şahidiyik. Ölkə başçısı İlham Əliyev bir neçə il bundan əvvəl bir ifadə işlətmişdi ki, "Mən 50 milyonluq Azərbaycan xalqının Prezidentiyəm". Eyni zamanda o fikir tam olaraq həmrəyliyimizin tam nöqtəsini qoyub bizlərə çatdırırdı. Düşünürəm ki yalnız bizlərə deyil, Azərbaycan xalqını zamanla parçalayan və bu günün özündə də xalqın birləşməsi üçün hər cür əngəl törətməyə çalışan dövlətlərin özlərinə bir mesaj idi".
Bütün xəbərlər Facebook səhifəmizdə