"Bütün sahələrdə olduğu kimi, idman sahəsində əldə etdiyimiz uğurlarla da fəxr edirik"
Prezident İlham Əliyev bu günlərdə ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı idmançılarımızı təbrik etdi və Azərbaycanın idman siyasətinin növbəti mərhələlərinə dair planlarını açıqladı. O, xüsusilə 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunlarının əhəmiyyətini vurğuladı və bu istiqamətdə hazırlıqların davam etdiyini bildirdi.
2024-cü il Azərbaycan idmanı üçün nailiyyətlərlə dolu və yadda qalan bir il olmuşdur. İdmançılarımız beynəlxalq arenalarda həm Olimpiya, həm də qeyri-Olimpiya növlərində yüksək nəticələr əldə etmiş, ölkəmizin idman tarixində yeni səhifələr yazılmışdır. Azərbaycan idmançılarının qazandığı 1718 medal (666 qızıl, 465 gümüş, 587 bürünc) ölkəmizin idman potensialını bir daha sübut etmişdir. Bu medalların 827-si Olimpiya, 854-ü qeyri-Olimpiya, 37-si isə paralimpiya idman növlərində qazanılmışdır.
2024-cü ilin ən böyük idman hadisəsi Parisdə keçirilən Yay Olimpiya Oyunları olmuşdur. Azərbaycan burada 15 idman növündə 48 idmançı ilə təmsil olunmuş və ümumilikdə 7 medal (2 qızıl, 2 gümüş, 3 bürünc) qazanmışdır. Bu, Azərbaycanın müstəqillik dövründə əldə etdiyi ən yaxşı nəticə olmuşdur.
2024-cü il Azərbaycan üçün həm də evsahibliyi baxımından əlamətdar olmuşdur. Bakıda və digər şəhərlərdə bir sıra nüfuzlu beynəlxalq yarışlar təşkil edilmişdir: Formula 1 Azərbaycan Qran-Prisi, Bədii Gimnastika üzrə Avropa Kuboku, Cüdo üzrə Böyük Dəbilqə, Güləş üzrə U-23 Avropa Çempionatı, "Baku Open 2024" Şahmat Turniri, Çövkən üzrə Dünya Çempionatı və digər yarışlar keçirilmişdir.
Azərbaycanın paralimpiya idmançıları da böyük uğurlara imza atmışdır. Əlilliyi olan idmançılar beynəlxalq yarışlarda 37 medal qazanmış və ölkəmizin paralimpiya hərəkatını gücləndirmişdir. Gənc idmançılar isə müxtəlif çempionatlarda iştirak edərək gələcəkdə Azərbaycanın idman səhnəsində dominant mövqeyini təmin edəcək bir nəsil yetişdirdiklərini göstərmişlər.
2024-cü il Azərbaycan idmanı üçün təkcə nailiyyətlərin deyil, həm də gələcək uğurların bünövrəsinin qoyulduğu bir il olmuşdur. Qazanılan medallar, evsahibliyi edilən yarışlar və yaradılan infrastruktur ölkəmizi beynəlxalq idman arenasında güclü mövqedə saxlamışdır.
Beləliklə, bu il Azərbaycan üçün idman sahəsində həm beynəlxalq tanınma, həm də daxili inkişaf baxımından əlamətdar bir il idi və inanırıq ki, dövlətimizin, şəxsən Prezident İlham Əliyevin və birinci Vitse Prezident xanım Mehriban Əliyevanın bir başa diqqəti və himayəsi ilə idmanımız 2025-ci ildə daha böyük uğurlar əldə edəcəkdir.
Jalə Əliyeva,
Milli Məclisin deputatı
Bütün xəbərlər Facebook səhifəmizdə