Fransa kimi dövlətlər oynadıqları oyunların təhlükəsini tam dərk etmirlər - ŞKTC XİN

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Xarici İşlər Nazirliyi Fransa ünvanına yeni bəyanatla çıxış edərək, Parisə Türkiyə ilə birlikdə ölkənin hava məkanının hər hansı pozuntusunun qarşısını almağa hazır olduğu barədə xəbərdarlıq edib. SİA xəbər verir ki, bəyanat Yunan Kipr hakimiyyətinin “Fransa Hərbi Hava Qüvvələrinə adanın şimalı üzərində uçmasına icazənin” verildiyi barədə məlumatlardan sonra verilib.

“Yunan Kipr Müdafiə Nazirliyinin Şimali Kipr üzərində uçuşlara dair icazəsi ilə bağlı bəyanatı açıq-aşkar ehtiyatsızlığın təzahürüdür. 1977-ci ildən bəri Şimali Kipr üzərində bütün aviasiya uçuşları “Ercan” Hava Nəqliyyatı İdarəetmə Mərkəzi tərəfindən tənzimlənir. Bu Mərkəzin funksiyalarına zidd olan hər hansı hərəkətlər çox təhlükəli və qanunsuzdur. Təəssüflər olsun ki, Fransa kimi dövlətlər Yunan Kipri ilə əlbir olaraq oynadıqları oyunların təhlükəsini tam dərk etmirlər”, - deyə ŞKTC Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanır.

ŞKTC Xarici İşlər Nazirliyi vurğulayıb ki, Lefkoşa Türkiyə ilə birlikdə bu istiqamətdə bütün lazımi tədbirləri görmək hüququnu özündə saxlayaraq, bölgədəki “ehtiyatsız hərəkətlərə” dözməyəcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə