2024-cü il ərzində ölkə ərazisində müşahidə olunan hava açıqlanıb
Bu il Bakıda və Abşeron yarımadasında müşahidə olunan orta illik temperatur iqlim normasından 1.8 dərəcə yuxarı olub. SİA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Onun sözlərinə görə, il ərzində Bakıda və Abşeron yarımadasında maksimal temperatur avqustun 5-i müsbət 39 dərəcə, bölgələr üzrə isə Hacıqabulda iyulun 5-i müsbət 43.5 dərəcə qeydə alınıb.
N.Mahmudov qeyd edib ki, 2024-cü il ərzində havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında fevralın 28-də 3.4 dərəcə şaxta, bölgələr üzrə isə Şahdağda dekabrın 14-ü 22 dərəcə şaxta müşahidə olunub.
“İlin ayrı-ayrı günlərində hava şəraiti qeyri-sabit keçib, leysan xarakterli intensiv yağış yağıb, şimşək çaxıb, dolu düşüb. Düşən yağıntılar nəticəsində ölkənin çaylarında ümumilikdə 110 sel hadisəsi qeydə alınıb. İl ərzində düşən yağıntı əksər bölgələr üzrə normadan yuxarı olub və ən çox yağıntı Bakı və Abşeron yarımadasında (normanın 147 faizi), Quba-Qusar bölgəsində (normanın 136 faizi), Lənkəran-Astara zonasında (normanın 134 faizi) qeydə alınıb.”
O əlavə edib ki, ilin ayrı-ayrı günlərində ölkə ərazisində əsasən şimal-qərb və cənub-qərb küləkləri müşahidə olunub, küləyin maksimal sürəti Bakıda fevralın 6-da 40 m/s-dək, bölgələrdə isə iyunun 20-də Gəncədə 35 m/s-dək güclənib.
Bütün xəbərlər Facebook səhifəmizdə