DGK-nın Tibbi Xidmət İdarəsi rəisinin məqaləsi beynəlxalq jurnalda nəşr olunub

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədovun həmmüəllif olduğu məqalə beynəlxalq jurnalda yayımlanıb Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov və rəis müavini, tibb xidməti polkovnik-leytenantı, dosent İsmayıl Əfəndiyevin həmmüəllif olduqları “Şizofreniya spektri olan xəstələrdə COVID-19-a cavab reaksiyası: Hematoloji və iltihablı profil” mövzusunda məqaləsi “Kliniki Tibb və Biomühəndislik” adlı beynəlxalq jurnalda nəşr olunub. SİA xəbər verir ki, məqalədə şizofreniyanın COVİD-19 səbəbindən ölüm halları üçün yüksək risk faktoru olduğundan, şizofreniya xəstələrində COVİD-19-un gedişatı və nəticələrindən bəhs edilir. Müəlliflərin bu tədqiqatı şizofreniya xəstələrində SARS-CoV-2-yə hematoloji və immunoloji cavabı araşdırmaq məqsədi daşıyır. Məlumatlar şizofreniya xəstəsi olan 69 xəstənin və təsdiqlənmiş COVID-19 diaqnozu olan 332 əqli cəhətdən sağlam şəxsin tibbi qeydlərindən götürülərək araşdırılmışdır. İmmunoloji status hemoqlobin səviyyəsi, ağ qan hüceyrəsi, mütləq neytrofil, mütləq limfosit və trombositlərin sayı ilə qiymətləndirilmişdir. İltihab vəziyyəti neytrofil-limfosit nisbətindən istifadə edilərək dəyərləndirilmişdir. Müəlliflərin əldə etdiyi nəticələr şizofreniya xəstələrində nəzarət qrupları ilə müqayisədə xəstəliyin daha yüngül keçməsini göstərmişdir.Beləliklə, müəlliflərin əldə etdiyi nəticələr ümumi əhali ilə müqayisədə şizofreniya xəstələrində COVID-19-a fərqli fizioloji reaksiya aşkar etmişdir və bu, psixi xəstəliklərin təbiəti, dərman müalicəsi, immun sisteminin funksionallığı və COVID-19-a həssaslıq arasında mürəkkəb qarşılıqlı əlaqənin olması haqqında bir çox suallar doğurmuşdur.

Qeyd edək ki, “Kliniki Tibb və Biomühəndislik” adlı beynəlxalq jurnal (ISSN: 2737-534X) elmi, beynəlxalq fənlərarası nüfuzlu açıq referens jurnal olub, ciddi şəkildə qabaqcıl biomühəndislik texnologiyalarına uyğun səhiyyə, risk faktorları, profilaktik tibb, klinik praktika ilə bağlı problemlərin həlli üçün əhatə dairəsinə malik olan əsərləri dərc edir.

Bütün xəbərlər Facebook səhifəmizdə