Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində TAVİ əməliyyatı uğurla icra olunur
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində ürək-damar xəstəliklərinin effektiv diaqnostikası, müayinə və müalicəsi yüksəkixtisaslı kardioloqlar tərəfindən həyata keçirilir. Şöbədə pasiyentlər üzərində TAVİ əməliyyatı, EVAR əməliyyatı, döş qəfəsində olan anevrizmalar və yırtıqların ayaq damarından girilərək qapadılması prosedurları icra olunur. Kardiologiya şöbəsi kardioloji xəstələrə tam və düzgün diaqnozun qoyulmasına imkan verən ən müasir diaqnostik avadanlıqlarla təchiz olunub.
Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu və şöbənin bütün həkimləri tərəfindən müayinəyə gələn hər bir pasiyentə dünya protokolları üzrə lazımi tibbi müdaxilələr edilir. Yüksəkixtisaslı kardioloqlar tərəfindən EKQ, EXO, holter monitorinqi, stress test, exokardioqrafiya, transezofagial exoqrafiya, stress exokardioqrafiya, koronar angioqrafiya, müvəqqəti süni ritm aparıcısının tətbiqi, intaortik balon pompasının tətbiqi, Perkutan Transluminal Koronar Angioplastika Proseduru, stent tətbiqi, ürək boşluqlarının kateterizasiyası, döş qəfəsi və qarın aortaqrafiyası, periferik angioqrafiya, renal angioqrafiya, aortaqrafiya kimi müasir müayinə və müalicə üsulları həyata keçirilir.
2023-cü ilin sentyabr ayından etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfi çərçivəsində Transkateter Aorta Qapağı İmplantasiyası (TAVİ) əməliyyatı müvəffəqiyyətlə icra olunur. TAVİ əməliyyatı Azərbaycanda nadir icra olunan əməliyyatlardan və tibbin son nailiyyətlərindən biridir. TAVİ əməliyyatı narkoz verilmədən, ümumi anesteziya olmadan, sadəcə yüngül sedasiya vasitəsilə heç bir kəsik aparılmadan icra olunur.
Azərbaycanda ilk dəfə 2023-cü ilin noyabr ayında qoltuqaltı və körpücükaltı damarlardan girilərək ürəyin aorta klapanının dəyişdirilməsi əməliyyatı Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi İlqar Tahiroğlu və şöbənin tibb heyəti tərəfindən icra olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə