Səhiyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub - FOTO

Səhiyyə Nazirliyində Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ilə görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, görüşdə səhiyyə naziri Teymur Musayev Azərbaycan və qazax xalqlarının ortaq mədəni-tarixi dəyərlərinin iki ölkə arasında əlaqələrin əsasını təşkil etdiyini vurğulayıb: “Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq münasibətləri əsrlərə söykənir. Dövlət başçıları arasındakı dostluq əlaqələri bütün sahələrdə sıx əməkdaşlığın inkişafına və möhkəmlənməsinə əvəzsiz töhfə verir”.

Həmçinin Azərbaycan ilə Qazaxıstan arasında səhiyyə sahəsində ikitərəfli əlaqələrin inkişafı üçün geniş potensialın olduğu vurğulanıb. Nazirin sözlərinə görə, ölkələrimizin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur. Eyni zamanda, tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətə nəzarət sahəsində Qazaxıstan təcrübəsinin ölkəmizdə tətbiqi ilə bağlı maraq ifadə olunub.

Səhiyyə naziri əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.

Səfir Alim Bayel dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, ölkələrimiz arasında tarixi və ənənəvi dostluq münasibətlərinin mövcudluğunu qeyd edib. Həmçinin Azərbaycanın Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında maraq olduğunu söyləyib.

Görüşdə oktyabr ayında Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin IV iclasının Azərbaycan və Qazaxıstan səhiyyə nazirlikləri arasında əlaqələrin dərinləşməsinə töhfə verəcəyi vurğulanıb.

Tərəflər tibb təhsili, bu sahədə peşəkar kadrların hazırlanması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə