“Həkimlərimizi tanıyın!” rubrikamızda Əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudovu təqdim edirik

“Həkimlərimizi tanıyın!” rubrikamızda işinin peşəkarı, Azərbaycanda və onun hüdudlarından kənarda da tanınmış yüksəkixtisaslı mütəxəssis, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., Əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudovu təqdim edirik.

DR.RƏŞAD MAHMUDOV Mərkəzi Gömrük Hospitalında neonatal və pediatrik ürək cərrahiyyəsi, aort cərrahiyyəsi, qazanılmış ürək xəstəliklərinin cərrahiyyəsi, minimal invaziv ürək cərrahiyyəsi ilə məşğul olur. Dr.Rəşad Mahmudov ölkəmizdə döyünən ürəkdə aorta koronar şuntlama əməliyyatlarını, xüsusən də ən riskli vəziyyətlər sayılan böyrək çatışmazlığı, onkoloji xəstəliyi və işemik kardiomiyopatiyası olan xəstələrdə revaskularizasiya əməliyyatlarını ən çox sayda və uğurla icra edən həkim kimi tanınmaqdadır. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/rasad-mahmudov/#.
Dr.Rəşad Mahmudov 1997-ci ildə Türkiyənin 9 Eylül Universitetinin Tibb fakültəsini bitirib, 1997-2003-cü illərdə Türkiyənin Ege Universitetində Ürək və Damar Cərrahiyyəsi kafedrasında uzmanlıq təhsili almışdır. 2007-2015-ci illərdə M.A. Topçubaşov adına Elmi Tədqiqat Klinik Təbabət İnstitutunun Ürək-damar Cərrahiyyəsi şöbəsində doktorantura təhsili almışdır.
Dr.Rəşad Mahmudov əmək fəaliyyətinə 2004-cü ildə Türkiyə Cümhuriyyəti Kent Xəstəxanasında ürək və damar cərrahı kimi başlamış, 1 il orada işləyəndən sonra, 2005-2017-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında ürək və damar cərrahı, Ürək və damar xəstəlikləri şöbəsinin müdiri vəzifəsində, 2017-2018-ci illərdə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin Elmi Tədqiqat İşləri üzrə direktor müavini, Bakı Ürək Mərkəzində ürək və damar cərrahı kimi çalışmışdır. Dr.Rəşad Mahmudov 2018-ci ildən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Mərkəzi Gömrük Hospitalında ürək-damar cərrahı vəzifələrində fəaliyyət göstərir.
Dr.Rəşad Mahmudov daim öz üzərində çalışan, yüksək peşəkarlığı ilə seçilən yüksəkixtisaslı mütəxəssisdir. 2006-cı ildə Ali Attestasiya Komissiyası tərəfindən “Tibb üzrə Fəlsəfə Doktoru”, 2015-ci ildə isə “Tibb Elmləri Doktoru” elmi dərəcələri almışdır. Yerli və xarici mətbuatda 75-dən çox elmi məqalələri çap olunmuşdur. O, eyni zamanda bir neçə kitabın həmmüəlliflərindən biridir. 1999-cu ildə Türkiyədə çap olunmuş “Aort cərrahiyyəsi” kitabının və 2014-cü ildə İtaliyada çapdan çıxmış “Trikuspid Qapaq Cərrahiyyəsi” kitabının həmmüəllifidir.
Bilik və bacarıqlarını daim artıran Rəşad həkim çoxsaylı yerli və beynəlxalq konfranslarda, simpoziumlarda iştirak edir, maraqlı məruzələrlə çıxışlar edir. O, 1997-ci ildən 2018-ci ilə qədər 60-dan çox milli və beynəlxalq elmi konfranslarda iştirak edib, 2001-2018-ci illər ərzində 40-dan çox milli və beynəlxalq elmi konfransların təşkilində yaxından iştirak etmişdir.
Dr.Rəşad Mahmudov 2020-ci ildə Azərbaycan Kardiologiya Cəmiyyətinin Bakıda keçirilən IX Milli konqresində, 2022-ci ildə Azərbaycan Nefroloqlar Cəmiyyətinin təşkilatçılığı ilə III Milli Nefroloji, Dializ və Transplantologiya konqresində, 2022-ci ildə Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən "Ürək çatışmazlığında yeniliklər" konqresində, 2022-ci ildə Türkiyənin Antalya şəhərində Türkiyə Pediatrik Kardioloji və Ürək Damar Cərrahiyyəsi Dərnəyinin təşkilatçılığı ilə keçirilən “Milli Pediatrik Kardioloji və Pediatrik Ürək Cərrahiyyəsi” konqresində, yenə həmin ildə Bakıda keçirilən “Türkiyə-Azərbaycan anesteziologiya və reanimasiya, ağrı iş günləri” adlı konfransda, Böyük Britaniyanın paytaxtı Londonda keçirilən “PCRValve2022" samittində iştirak edib.
2023-cü ildə İtaliyanın Verona şəhərində CORCYM şirkətinin təşkilatçılığı ilə keçirilən “Ürək mühəndisliyi: Əbədi xidmət üçün hazırlanıb: müxtəlif texnologiyaların köməyi ilə səbirli səyahət” adlı beynəlxalq tədbirdə, Türkiyənin Antalya şəhərində keçirilən VII Dünya Ürək Çatışmazlığı Konqresində, Bakıda Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən 5-ci İnvaziv Kardiologiya konqresində, 2023-cü ildə İstanbul şəhərində Türkiyə Ürək və Sağlamlıq Fondunun, Dünya Ürək Federasiyasının və Amerika Ürək Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən 19-cu Kardiologiya və Kardiocərrahiyyədə Yeniliklər Beynəlxalq konqresində, yenə həmin ildə Hacettepe Universitetinin Azərbaycandakı Baş ofisi olan “İncir And Global Health” şirkətinin və Azərbaycan Endoskopik və Laparoskopik Cərrahlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Kardiologiyada və ürək-damar cərrahiyyəsində müasir metodlar” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Rəşad Mahmudov 2024-cü ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun və Azərbaycan Kardiologiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən "Kardiologiyanın aktual problemləri" mövzusunda Beynəlxalq konfransda “Xroniki stabil isemik ürək xəstələrində revaskulyarizasiyaya göstərişilər: Kimə və nə üçün?” mövzusunda məruzə ilə çıxış edib.
Səhiyyə sahəsində göstərdiyi xidmətlərə görə 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi medalı”, 2009-cu ildə Heydər Əliyev Fondunun Prezidenti tərəfindən “Qızıl Çinar” mükafatına layiq görülmüş və 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Əməkdar Həkim” fəxri adı almış, 2024-cü ildə isə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
Həmçinin, 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı, Dövlət Gömrük Komitəsinin Fəxri Fərmanı, 2022-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. 2023-cü ildə Dr.Rəşad Mahmudova Özbəkistan Respublikası Namangan Dövlət Universitetinin "Fəxri Professoru" adı verilib.
Dr.Rəşad Mahmudov Avropa Kardio-Torakal Cərrahiyyə Cəmiyyətinin, Türk Ürək-Damar Cərrahiyyəsi Dərnəyinin, Turkiyə Ürək və Sağlamlıq Fondunun üzvüdür, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası təsisçisi və sədri, Azərbaycan Tibb Assosiasiyası idarə heyətinin sədridir. Dr.Rəşad Mahmudovun qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Bütün xəbərlər Facebook səhifəmizdə