Mərkəzi Gömrük Hospitalında Türkiyənin “Uşaq təcili yardım və intensiv terapiyası” Dərnəyinin (Çocuk Acil Tıp ve Yoğun Bakım Derneği) İdarə Heyəti ilə görüş keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavinləri dosent İsmayıl Əfəndiyev və Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəisi - baş həkim Bəxtiyar Musayev, rəis müavini Nahidə Mahmudova, Pediatriya şöbəsinin pediatr-neonatoloqu Təranə Göyüşova və Türkiyənin sözügedən dərnəyinin sədri, Adana şəhərində yerləşən Çukurova Universitetinin Uşaq reanimasiyası və intensiv terapiyası şöbəsinin professoru, Amerika Pediatriya Akademiyasının Türkiyə təmsilçiliyinin rəhbəri Dinçer Yıldızdaş və Ankara Universiteti Cebeci xəstəxanasının baş həkimi prof. Tanıl Kendirli iştirak ediblər. SİA xəbər verir ki, tədbirdə giriş sözü ilə qonaqları salamlayan Bəxtiyar Musayev, hospitalda uşaqlara göstərilən tibbi xidmətlər, o cümlədən açıq ürək əməliyyatları, orqan transplantasiyası sahəsindəki uğurlu nəticələr və pediatrik xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində müəyyən edilmiş prioritetlər haqqında geniş məlumat verib.
Daha sonra Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım qısa müddət ərzində fəaliyyətə başlayacaq Ana və Uşaq Mərkəzi haqqında qonaqları məlumatlandırıb.
Tədbirdə göstəriləcək xidmətlərin növləri, müasir standartlara uyğun yeni xidmətlərin Xidmətlər zərfinə əlavə edilməsi və mövcud xidmətlərin daha da təkmilləşdirilməsi üzrə təkliflər müzakirə edilib. Həmçinin, Ana və Uşaq Mərkəzində Uşaq reanimasiyası, Neonatal reanimasiya şöbələrinin beynəlxalq standartlara uyğun fəaliyyətinə dair təkliflər səslənib.
Eyni zamanda, Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloqlarının Türkiyənin müvafiq uşaq xəstəxanalarında təcrübə keçməsi planlaşdırılıb, həmçinin Çukurova Universitetinin Uşaq reanimasiyası və intensiv terapiyası dərnəyinin Azərbaycanda keçirəcəyi pediatrik reanimasiya və intensiv terapiyaya həsr olunacaq konfransına Mərkəzi Gömrük Hospitalının həkimlərinin qatılması planlaşdırılıb.
Adana şəhərində yerləşən Çukurova Universitetinin nümayəndələrinin Mərkəzi Gömrük Hospitalına gəlməkdə məqsədləri uşaqlarda təkmil həyat dəstəyi təlimlərini birgə həyata keçirmək və Mərkəzi Gömrük Hospitalının pediatrlarından təlimçilər yetişdirmək, gələcəkdə təcrübə mübadiləsi aparmaq üçün zəmin yaratmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə