“Dəri səthində olan dağılma prosesləri ilə saç ağarması eyni vaxtda baş verir” - HƏKİM DANIŞDI
"Saçlar bioloji olaraq müəyyən yaş dövründən sonra necəki dəridə qocalma halı baş verir, eləcə də saçlarda da ağarma prosesi başlayır. Bu hal insan orqanizmi üçün normaldır. Amma saçlar vaxtından tez ağarırsa, bunun bir neçə səbəbi ola bilər. İnsan bədənində mübadilə prosesi pozulduğu zaman lazımi olan elementlər, vitaminlərin çatışmazlığı halı yaranır. Dəridə qocalma halı yaranan, daxili orqanlarda, oynaqlarda, qan-damar sistemində imunitet aşağı düşən zaman orqanizmdə müəyyən proseslər getdiyi kimi saçlardada vəziyyət eyni olur. Saçlar öz təravətini itirir, saç dibinin qidalanması pozulur. Yəni dəri səthində olan dağılma prosesləri ilə saç ağarması prosesi eyni zamanda baş vermiş olur”. Bu sözləri SİA-ya danışan terapevt Nərminə Abbasova deyib.
Onun sözlərinə görə, omega, vitamin A, vitamin E, vitamin D çatışmazlığı orqanizmdə dağılma prosesini yaradır: “Düzgün qidalanma da bu prosesdə mühüm rol oynayır. Saç ağarmasına səbəb olan faktorlardan biri stressdir. İnsan orqanizmi hər kəsdə fərqli olduğu üçün insanlarda saçların ağarma prosesi də fərqlidir. Saç ağarması bəzən irsiyyətlə bağlı ola bilər. Genetik olaraq saç ağarma prosesi baş verir. Saç ağarmasına təsir göstərən səbəblərdən biri ekologiyanın çirklənməsidir. Bu halda dəri çirklənir və saçların dibi düzgün qidalanmır.
Saç yuyucu vasitələr, saç şampunları və digər təmizləyici vasitələrin də saç tökülməsinə və ya saç ağarmasına təsiri olur".
Nərminə Abbasova bildirib ki, dəridəki dəyişikliklər bir başa mədə-bağırsaq sistemi ilə, immun sistemi ilə, sinir sistemi ilə bağlıdır: "İnsan orqanizmi birlikdə bir vəhdət təşkil edir. Bir-biri ilə zəncirlərlə bağlanmış bir fizioloji vəziyyətdir. Əgər orqanların birində dağılma gedirsə, bu vəziyyət digər orqanlarada təsir göstərir. Orqanizmdə hər hansı bir dəyişiklik olduğu zaman insanlar mütləq şəkildə ailə həkimlərinə, həkimlərə, terapevtlərə müraciət etməlidirlər. Hər hansı bir xəstəliyin qarşısı alındığı kimi fizioloji dəyişikliklərində, dağılma proseslərinində qarşısı alınmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə