“Sünnət müsəlmançılığın vizual əlaməti sayılır” - MÜNASİBƏT BİLDİRİLDİ

“Sünnəti zəruri əməliyyata çevirmək yanlışdır. Sünnət dini ibadətdir. Ümumiyyətlə, fimoz (pülüyün (sünnət dərisi) dar olması) və digər bir ağırlaşmalar olduqda aparılan cərrahi əməliyyatdır. Amma bu çox nadir hallarda olur. Dünya əhalisinin böyük əksəriyyəti, xristianlar və buddistlər bu əməliyyatı etmirlər, onlar öz həyatlarını normal da yaşayırlar. Mən düşünürəm ki, bu əməliyyatı müsəlmanların zəruri əməliyyatına çevirmək yanlışdır. Kim sünnət olunmaq istəsə, buna özü qərar verməlidir. Bir də həkim tərəfindən göstəriş olduqda icra olunmalıdır”. Bu sözləri SİA-ya danışan həkim Adil Qeybulla deyib.

Həkim qeyd edib ki, bunun hansı yaşda edilməsinə dair konkret məlumat yoxdur: “Bu, bir adət olaraq var və insanları bundan çəkindirmək elə də asan deyil. Çox təəssüflər ki, sünnət müsəlmançılığın vizual əlaməti sayılır. Sünnət prosedurası bu gün yəhudilərdə və müsəlmanlarda dini nöqteyi-nəzərdən aparıldığına görə, bunun konkret olunma vaxtı qeyd edilməyib. Sünnət bir tibbi prosedura kimi nəzərdən keçirilməlidir. Çünki zaman-zaman müxtəlif fəsadlar ortaya çıxıb. Uşaqlarda laxtalanma sistemi formalaşmadıqdan qanamaların olması, damarların zədələnməsi və s. baş verə bilər. Bu, uşaqların özləri üçün də müəyyən bir travma yaradır. Hər halda dini ibadət olduğuna görə insanların öz öhdəsindədir. Mən bir həkim kimi bunun kütləvi edilməsinin tərəfdarı deyiləm. Ona görə ki, dünya əhalsinin böyük əksəriyyəti bu əməliyyatı icra etmir, buna heç ehtiyac duymur və bununla da çox məmnun yaşayırlar. Bununla bağlı yaş limiti hələlik yoxdur”.

Bütün xəbərlər Facebook səhifəmizdə