Dırnaq yemə vərdişindən xilas olmağın həll yolu BƏLLİ OLDU - MÜTƏXƏSSİS DANIŞDI

"Dırnaq yemə xəstəliyinin tibbi adı "Onikofaqiya"dır. Dırnaq yemə vərdişi bir neçə səbəbdən yaranır. Birinci səbəb öyrənilmiş vərdişdir. Yəni dırnaq yemək vərdişi bizə valideynlərimizdən və ya başqa şəxslərdən keçə bilər. Valideynlərdə dırnaq yemə vərdişi varsa, bu, istər-istəməz uşaqlarına da keçir. İkinci isə genetik faktordur. Əgər genetikada dırnaq yemək xəstəliyi varsa, uşaqda da özünü biruzə verəcək". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Nabat Mirzəyeva deyib.

Psixoloq digər səbəblərdən də bəhs edib: "Bəzən dırnaq yemək xəstəliyi körpəlik dövründən başlayır. Körpələr 6-7 aylıq olarkən barmaq əmmə refleksləri sonradan dırnaq yeməyə çevrilə bilir. Həmçinin, psixoloji faktorlar da dırnaq yemə xəstəliyinin yaranmasına səbəb olur. Yaşadığımız psixoloji problemlər, sıxıntılar və gərginliklər bizdə dırnaq yemə vərdişinə gətirib çıxara bilər. Bu səbəblərin içərisində ən önəmlisi psixoloji faktorlardır. Yəni ailə daxilində yaşanan gərginliklər və basqılar bu xəstəliyi yarada bilir. Dırnaq yemə xəstəliyi əsasən uşaqlıq dövründə başlayır yetkinlik yaşına qədər davam edir. Bəzən isə yeniyetməlik yaşlarından başlaya bilir. Onlar özlərini rahatlaşdırmaq üçün dırnaqlarını yediyini deyirlər. Yəni gərginliklərini azaltma yollarından biri dırnaq yeməkdir. Belə ki, həmin şəxslər hər hansısa stressli anlarda fikirlərini toplamaq üçün dırnaq yeməyə başlayırlar".

Mütəxəssis sözügedən xəstəlikdən xilas olmaq üçün tövsiyələr də verib: "Həmin şəxslərlə anlayışlı davranmaq, və onları motivasiya etmək lazımdır. İlk növbədə, dırnaq yemənin əsas səbənini araşdırmalıyıq. Bunlardan başqa, dırnaq yemə xəstəliyi olanların bundan xilas olması üçün onlara barmaqlarını məşğul edəcək fəaliyyətlər tapmalıyıq. Beləliklə, əllər istifadə olunduğu üçün dırnaqları ağıza aparmağa ehtiyac qalmayacaq. Həmçinin, dırnaqlara acı dad verən dırnaq boyaları da sürtmək olar. Bunlar onların dırnaqlarını ağızlarına aparmaq vərdişindən yayındıra bilər. Lakin bütün metodlar effektsiz olarsa, psixoloqa müraciət etmək lazım gələcək".

Bütün xəbərlər Facebook səhifəmizdə