"Qidaların keyfiyyət parametrlərinə ciddi fikir vermək lazımdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Qida zəhərlənmələri və ya qida toksik infeksiyaları əslində qida ilə müxtəlif toksinlərin, mikrobların və onların zərərli maddələrinin orqanizmə keçməsi ilə müşayiət olunan prosesdir". Bu sözləri SİA-ya açıqlamasında tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla deyib.

O bildirib ki, onların içində ən təhlükəlisi botulizmdir: "Botulin mikroblarının ifraz etdiyi botulo toksindir. Onun törətdiyi xəstəlik də botulizmdir. Botulo toksin nə qədər çox qəbul olunarsa, o qədər də orqanizmə ciddi təhlükə və ölüm yarada bilər. Kütləvi zəhərlənmələrin böyük əksəriyyəti məhz botulizmə bağlı olur.

Digər mikrobların da toksinləri və qida maddələrinin saxlanması zamanı əmələ gələn müxtəlif təhlükəli maddələr orqanizmə zərərli təsir edir. Ona görə də istifadə olunan qida maddələri mümkün qədər bayat olmamalı, öz tərkibini, rəngini, dadını dəyişməməlidir. Müxtəlif ev şəraitində hazırlanan konservativ maddələrin də homogenliyini dəyişməməsinə diqqət etmək lazımdır. Konserv şəklində bağlanmış maddələrin qapağı şişməməlidir. Yəni çoxsaylı tələbləri ev şəraitində də diqqətdə saxlamaq lazımdır. Çox təəssüflər olsun ki, bəzən buna əhəmiyyət vermədən insanlar sanki qidanı atmağa heyifi gəlir və istifadə edirlər. Bu da acı nəticələrə gətirib çıxara bilir. Bir ailənin zəhərlənməsi, hətta ölüm halları kimi faciəli situasiyalarla üzləşirik.

Qidaların keyfiyyət parametrlərinə ciddi fikir vermək lazımdır. İaşə müəssisələrində qidaların keyfiyyətinə nəzarəti müvafiq dövlət strukturları həyata keçirir. Məişətdə isə insanlar özləri diqqətli olmalıdırlar. Bəzən qidalar soyuducuda saxlanmır, tez xarab olur. Bəziləri soyuducuda uzun müddət saxlanılır. Belə qidaların bəzən saxlanma qaydası pozulduğuna görə müxtəlif toksik infeksiyalar yaranır. Bu da zəhərlənmələrə gətirib çıxarır. Zəhərlənmələr həyat üçün çox təhlükəlidir və hər birimiz bunu nəzərə almalıyıq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə