“Həkim müəyyən etmədən ağrıkəsici preparatlardan istifadə düzgün deyil“ - MÜNASİBƏT BİLDİRİLDİ

“Sakitləşdirici təsir göstərərək, ağrını müvəqqəti unutduran bu preparatlar müxtəlif xəstəliklər törətmək qabiliyyətinə də malikdir. Xüsusilə də əczaçıların tövsiyə etdiyi ağrıkəsicilərdən istifadə məsləhət görülmür”. Bu sözləri SİA-ya açıqlamasında həkim-terapevt Rasif Bağırov deyib.

Onun sözlərinə görə, apteklərin təqdim etdiyi dərmanları almaq sağlamlığınız üçün təhlükəli ola bilər: “Keyfiyyətli dərmanı həkim yazır və gedib alırlar. Ona görə ki, aptekdəki dərmanlar bəzən aylarla satılmır və əczaçı bu dərmanlardan yaxa qurtarmaq istəyir. Ona görə də keyfiyyətli-keyfiyyətsiz fərq etmədən təqdim edib, satırlar.

Həkim müəyyən etmədən ağrıkəsici preparatlardan istifadə düzgün deyil. Çünki ola bilər ki, xəstənin ağrıları nevrogen mənşəli olar və bu dərman nəticəsində ağrılar daha da güclənə bilər".

Həkimin sözlərinə davam edərək bildirib ki, əgər xəstədə olan ağrılar somatik ağrılardırsa, yəni hər hansısa travmadan yaranıbsa, o zaman ağrıkəsici qəbulu düzgündür: "Amma bu halda da doza həddini keçmək olmaz. Bu gün insan orqanizmində fəsad törədən dərmanlar elə məhz ağrıkəsici dərmanlardır".

Bütün xəbərlər Facebook səhifəmizdə