DGK Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Azərbaycan İstiqlal muzeyini ziyarət edib

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dos.İsmayıl Əfəndiyev başda olmaqla, Mərkəzi Gömrük Hospitalının əməkdaşları 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan İstiqlal muzeyini ziyarət ediblər. SİA-nın muzeyin bələdçisi nümayəndə heyətinə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti, 1993-cü il iyunun 15-də xalqın çağırışı ilə onun yenidən respublikamızın rəhbərliyinə qayıdışı ilə bağlı ətraflı məlumat verib. Qeyd edib ki, məhz Heydər Əliyevin qayıdışı Azərbaycanı dövlət müstəqilliyimizin itirilməsi, ölkənin parçalanması təhlükəsindən, dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas etmiş, dövlətimizi uzunmüddətli inkişaf yoluna çıxarmışdır. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi düşüb.

Muzeyin zallarında Azərbaycan tarixinin qədim dövrlərdən XX əsrin əvvələrinə qədərki dövrünə aid – Cənubi Azərbaycanda XX əsrin birinci yarısında gedən azadlıq mübarizəsinə, azərbaycanlıların Böyük Vətən müharibəsindəki qəhrəmanlıqlarına, Azərbaycanın ən yeni tarixinə həsr olunmuş heykəltəraşlıq, rəsm əsərləri, xəritələr, fotolar, kitablar və başqa eksponatlar nümayiş etdirilir.

Qeyd edək ki, Azərbaycanın ilk dövlət muzeyi məhz İstiqlal Muzeyi olub. 1919-cu il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin birinci ildönümü münasibətilə parlamentin binasında təşkil olunan İstiqlal Muzeyi cəmi bir neçə ay fəaliyyət göstərmişdi. 1920-ci ilin 28 aprelində Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra muzey fəaliyyətini dayandırmışdı. Muzey öz fəaliyyətini 71 il sonra müstəqilliyimizlə birlikdə bərpa etdi. Beləliklə, 1991-ci il yanvarın 9-da İstiqlal Muzeyi yaradıldı. 1919-cu ildə yaradılan muzeydən heç bir eksponat qalmasa da, yenidən fəaliyyətə başlayan muzey "İstiqlal" adını alaraq, birinci muzeyin mənəvi varisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə