"Dünyada çox ciddi ekoloji problemlər yaşanır" - AYDINLIQ GƏTİRİLDİ

“Ümumiyyətlə, dünyada çox ciddi ekoloji problemlər yaşanır. Nəinki dəmir çatışmazlığı, həm də vitamin çatışmazlığı da geniş vüsət alıb. Bir tərəfdən də ekotoksikatlar, yəni bütün havanı, suyu, torpağı çirkləndirən maddələr canlılara öz neqativ təsirini göstərir. Dəmir çatışmazlığına gəldikdə bunun müxtəlif səbəbləri var. Ən böyük səbəbi isə düzgün qidalanmamaqdır. Dəmir çatışmazlığının sonradan törəyən təhlükələri isə insan həyatına çox mənfi təsirlər bağışlayır”. Bu sözləri SİA-ya açıqlamasında həkim professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, orqanizmdə normal qırmızı qan hüceyrələrinin istehsalı üçün dəmirə ehtiyac var: “Dəmir hemaqlobinin ən vacib elementidir. Hemaqlobin qırmızı qan hüceyrələrində olan, oksigeni orqanizmdə daşıyan zülali birləşmədir".

Həkim qeyd edib ki, orqanizmdə dəmir əksikliyi anemiya, mikrosit və hipoxromatik qırmızı qan hüceyrələrinin yaranmasına səbəb olur: "Normalda dəmir qida vasitəsi ilə orqanizmə daxil olur. Daha sonra qaraciyərin istehsal etdiyi transferrin vasitəsi ilə orqanizmdə daşınır. Daşınan dəmirin 70%-i qırmızı qan hüceyrələrində hemoqlobin ilə birləşir. Geri qalanın çox hissəsi ferritin və ya hemosiderin olaraq depolanır. Az miqdarı isə mioqlobin və bəzi fermentlər kimi digər proteinlərin istehsalı üçün istifadə olunur. Kəskin və ya xroniki qan itirmə, hamiləlik, dəmirin yetərsiz miqdarda qəbulu zamanı qanda dəmir əksikliyinə rast gəlinə bilər. Dəmir əlavələrinin qəbulu həddindən artıq olmamalıdır. Xüsusi ilə uşaqlarda həddindən artıq dəmir əlavəsinin istifadəsi dəmir zəhərlənməsinə səbəb ola bilər".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə