“Yeni sistemdən hər bir vətəndaş çox məmnun qalacaq” - MÜNASİBƏT BİLDİRİLDİ

“Bu gün biz İKT-nin inkişaf etdiyi müasir bir dünyada yaşayırıq və hər bir sahədə rəqəmsallaşmaya doğru gedirik. Əhalinin sağlamlığının daha asan, əlçatan olması üçün “Rəqəmsal səhiyyə” də çox vacibdir. “Rəqəmsal səhiyyə” sisteminin yaradılması hər bir məlumatın nəzarət altında olması deməkdir. Yəni, bunun nəticəsində hər bir şəxsə keyfiyyətli və sistemli yanaşma vəd edilir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva deyib.

Deputat bildirib ki, anadan olduğu andan etibarən insanın ömrünün sonuna qədər bütün məlumatlar sözügedən sistemdə toplanır, bu da vətəndaşların keyfiyyətli, daha yaxşı səhiyyə sistemindən istifadəsinə geniş imkanlar açır: “Artıq “Rəqəmsal səhiyyə”də xəstəlik tarixçəsi, rentgen nəticələri, yazılan reseptlər və s. öz əksini tapacaq. Bu həm zaman etibarilə, həm də keyfiyyət baxımından çox əhəmiyyətlidir.

“Elektron resept” sistemi də bu qəbildəndir. Bundan sonra həkimlər resepti əl yazısı ilə yazmayacaq, vətəndaş istənilən aptekə yaxınlaşaraq, “elektron resept” vasitəsilə dərmanı əldə edəcək. Burada dərman adı ilə yox, tərkibinə görə yazılacaq. Bununla da vətəndaşlar nə resept, nə dərmanla bağlı hər hansı problemlə qarşılaşmayacaq. Bu çox böyük bir uğurdur və əminəm ki, yeni sistemdən hər bir vətəndaş çox məmnun qalacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə